Siyavuş Novruzov: “Azərbaycanın daxili məsələlərinə heç bir xarici ölkə və ya təşkilat qarışmamalıdır”

28 Yanvar 2014 19:00 (UTC+04:00)

"Hər bir səfirin ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri ilə görüşmək və müəyyən müzakirələr aparmaq səlahiyyəti var. Amma keçirilən görüşlər separat xarakterli olmamalıdır". Bu fikirləri  Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "El" Hərəkatının sədri Eldar Namazovun ABŞ səfiri ilə görüşünü şərh edərkən deyib.

 YAP rəsmisi qeyd edib ki, hansı ölkənin səfiri olmasından asılı olmayaraq, keçirilən görüşlərin mövzusu dövlətçilik və iqtidar əleyhinə kampaniyanın aparılmasına xidmət edirsə, bu, yolverilməzdir: "Siyasi partiyaların, təşkilatların rəhbərləri səfirlərlə görüşdən sui-istifadə edərək, cəmiyyətdə müxtəlif fikirlər səsləndirməməlidirlər. Guya, ABŞ bunları müdafiə edir, bunların arxasındadır və başqa fikirlər cəmiyyət üçün heç bir önəm kəsb etmir. İstənilən halda səfirlərlə görüş dövlətin ümumi maraqlarına xidmət etməlidir, şəxsi maraqlara deyil. Azərbaycanın daxili məsələlərinə heç bir xarici ölkə və ya təşkilat qarışmamalıdır".

"El" Hərəkatının siyasi partiyaya çevrilməsinin ABŞ səfirinin təlimatı əsasında olduğu fikrinə də münasibət bildirən Siyavuş Novruzov qeyd edib ki, bu təşkilat Azərbaycan cəmiyyətində tanınmayan və ictimai-siyasi həyatında heç bir rol oynamayan təşkilatdır: "El"in təşkilat və ya siyasi partiya olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki oradakılar eyni insanlardır, sadəcə, müxtəlif ad altında toplaşırlar. Özlərinə nə ad verirlər versinlər, mahiyyətləri hər kəsə bəllidir. Hesab edirəm ki, ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədə ictimai-siyasi duruma təsir edə biləcək hansısa təlimat verməz".