Gənclərə qarşı Suriya terroru

29 Yanvar 2014 07:32 (UTC+04:00)

Son günlərdə ən çox diqqət çəkən xəbərlərdən biri də Suriyada qətlə yetrilən azərbaycanlılarla bağlıdır. Bu arada yayılan növbəti məlumata görə, Suriyada daha bir azərbaycanlı öldürülüb. Yenə də bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı "Azəri şəhid Orxan Rəhimullah" kimi təqdim olunub. Lakin onun soyadı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Mücahidlər öldürülən azərbaycanlının fotosunu da yayıblar.

Xatırladaq ki, bu günlərdə "Muhammed" ləqəbli azərbaycanlının Bəşər Əsəd tərəfdarları tərəfindən öldürüldüyü bildirilirdi. Onun kimliyi və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmayıb.

Bir neçə gün əvvəl də "Əl-Nüsra Cəbhəsi" sıralarında Bəşər Əsədə qarşı vuruşan "Əbu Zər-Azəri" ləqəbli azərbaycanlı mücahidin yanvarın 14-də Suriyanın Xama bölgəsində hökumət qüvvələri tərəfindən öldürülməsi xəbəri yayılmışdı.

Onun da əsl adı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır. Ttəxminən iki həftə əvvəl isə "İraq-Şam İslam Dövləti" qruplaşmasının üzvü "Abdurrahman" ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Bütün bunlar Suriya təhlükəsinin Azərbaycan üçün böyüdüyünü göstərir.

İş o yerə çatıb ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi müraciət göndərməyə hazırlaşır. QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, müraciət Azərbaycandan Suriya və digər münaqişə ocaqlarına guya, din uğrunda mübarizəyə gedənlərlə bağlıdır: "Biz elan etdiyimiz fətvanın nüsxəsini də rəsmi olaraq nazirliyə göndərmək niyyətindəyik. Çünki dövlət də bundan narahatdır və bunun qarşısını almaqda maraqlıdır. Bunun qarşısını birlikdə almalı, fikirləşməliyik ki, bu axının qarşısının alınması üçün nə edək?"

Bəzi ekspertlər isə "cihad qəhrəmanları"nın ümumiyyətlə, Azərbaycan vətəndaşlığından çıxarılmasının vacibliyini vurğulayır. Din xadimləri hesab edirlər ki, bəzi dövlətlər belələrinin dini savadsızlığından istifadə edərək, öz maraqlarını güdürlər. Əslində isə Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Problemin başlıca mahiyyəti isə vuruşmaq üçün Suriyaya gedənlərin təsir altına düşməsidir. Məhz bu təsir onların müxtəlif yollarla Suriyaya üz tutmasına səbəb olur və onların sayının artma təhlükəsi mövcuddur. Düzdür, müvafiq qurumlar bu sahədə iş aparır. Lakin reallıq odur ki, zərərli təsir altına düşərək Suriyaya üz tutan azərbaycanlılar var. Onların da böyük əksəriyyəti gənclərdir. Əslində, bu təhlükəli hal Rusiyadan Avropaya qədər əksər dünya ölkələrində müşahidə olunur. Belələrinə qarşı daha sərt cəzaların görülməsi də hazırda bir çox ölkələrdə əsas müzakirə mövzularından birini təşkil edir. Ekspertlər Azərbaycanda da məsələ ilə bağlı sərt addımlar atılmasını zəruri hesab edirlər.

Ən əsası isə gəncləri zərərəli təsirlərə məruz qoyanlara qarşı daha sərt addımlar atılmalı, onların zərərsizləşdirilməsi halları sürətləndirilməlidir. Hələlik isə vəziyyətin təhlili Suriya olaylarının Azərbaycan üçün də təhlükə yaratdığını göstərir.

Tanınmış akademik Vasim Məmmədəliyev isə axundlardan xahiş edib ki, moizələrində şəhidliyin əsl mənasını açıqlasınlar: "Şəhidlik statusunu ucuz tutmaq olmaz. Dini ehkamlarımızı yaxşı bilməyənlərə bunlar izah edilməlidir. Əgər vətəndaşlar bu barədə bilsələr, bunu etməzlər. Xaricdə təhsil alıb gələnləri məhz bunda istifadə edirlər".

Onun fikrincə, azərbaycanlılar suriyalıların bir-biri ilə hakimiyyət uğrunda davasında onların daxili işlərinə qarışmamalıdırlar: "Sən burada Qarabağı qoyub, Suriyaya gedirsən. Müəyyən qüvvələr var ki, təxribatla məşğuldurlar. Kişilərlə yanaşı, qızlarımızı, qadınlarımızı da yoldan çıxararaq Suriyaya göndərirlər. Onları ailələrinə qarşı qoyurlar".

V. Məmmədəliyev lazımi hüququ olmayan bəzi insanların fətva xarakterli fikirlər irəli sürməsinə də münasibət bildirib: "Hər yerindən duran fətva verə bilməz. Bunun üçün Qafqaz Müsəlmanları İdarəsi var. Azərbaycan hüquqi, dünyəvi, eyni zamanda müsəlman dövlətidir. Kimin ixtiyarı var ki, burada dövlətə və dinə qarşı təxribat etsin, dövlətə, qanunlarına zidd olan dinləri, ideyaları təbliğ etsinlər? Gənclərimizin gedib xaricdə bir-birinə qarşı duran qüvvələri hansısa formada müafiə etmələrinə lüzum yoxdur. Ailələrin başsız, çörəksiz qoyulmalarına son verilməlidir".

Akademik, həmçinin bu gün QMİ-nin verdiyi fətvadan sonra bu sahədə ciddi dönüş yaranacağına qəti inandığını deyib.