Astarada gənc qadın ailə zorakılığının qurbanına
çevrilib. Movqe.az-ın anspress-ə istinadən verdiyi məlumata görə,
rayonun Pəlikəş kənd sakini Malik Nabatov yaşadığı evdə 2011-ci
ilin oktyabr ayından 2012-ci ilin iyun ayına kimi olan dövrdə oğlu
Afiyəddin və həyat yoldaşı Mirvari ilə qabaqcadan əlbir olaraq
gəlini 20 yaşlı Rükiyeva Qutamə Arzu qızını mütəmadi olaraq təhqir
edib, yumruq və təpiklə, bıçaqla vurub, bədəninə dəfələrlə yanan
siqaret basıb, saçlarını qırxıb və müxtəlif fiziki əzab veriblər.
Sonradan zərərçəkmiş tərəfin rəsmi şikayətindən sonra baş verənlər
hüquq müstəvisinə qədər gəlib çıxıb. 20 yaşlı Rükiyeva Qutamə Arzu
qızının təxminən 8 ay müddətində mütəmadi olaraq təhqir edildiyi,
müxtəlif fiziki ağrılar və psixi iztirablarla əzab verildiyi Astara
rayon prokurorluğunda aparılan istintaqla müəyyən edilib. Bu gün
Astara rayon məhkəməsində gəlinə işgəncələr verdiyi üçün Qutamə
Rükiyevanın əri Nabatov Afiyəddin Malik oğlu, qayınatası Nabatov
Malik Məmmədağa oğlu və qayınanası Şahmuradova Mirvari Şahverdi
qızının Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.2.3
maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin hazırlıq
iclası keçirilib. Hakim İsmayıl Abdürrəhmanlının sədrliyi ilə
keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin
müdafiəçiləri, dövlət ittihamçısı iştirak edib. İlk məhkəmə
iclasında zərərçəkən tərəf iştirak etməyib. Məhkəmə prosesində
təqsirləndirilən şəxslərin cinayət əməllərini törətməsi şahid
ifadələri və ekspertiza rəyləri ilə sübuta yetirilib. Gəlinin
qaynanası Mirvari Şahmuradova isə deyilənləri təkzib edib: "Mən
evdə olmamışam. Gəlin özü evi tərk edib gedib. Həmin vaxt toyda
olmuşam. İndi oğlanla nə problem olubsa, onların arasında olub."
Məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş tərəflə telefon
əlaqəsi saxlanılıb və qızın atası Arzu Rukiyev bildirib: "Qızı əri,
qaynanası, qayınatası, qaynı döyüb. Bunlar tərəfindən hər gün
işgəncəyə məruz qalıb. Nə olubsa, izahatda yazmışam."
Məhkəmə iclasında ata oğul barəsində çıxarılmış "başqa yerə
getməmək" qərarı dəyişilərək, hər ikisi barəsində həbs-qətimkan
tədbiri seçilib və onlar məhkəmə zalındaca həbs olunublar.
Qeyd edək ki, növbəti məhkəmə iclası fevralın 11-nə təyin
olunub.