22 mindən artıq mobil imza sertifikatı verilib

29 Yanvar 2014 15:42 (UTC+04:00)
Ötən ilin sonunadək vətəndaşlar tərəfindən "Asan (Mobil) İmza" sertifikat xidmətləri üzrə 11805 müraciət olub, ümumilikdə 22423 "Asan (Mobil) İmza" sertifikatı verilib. Movqe.az xəbər verir ki, bu məlumat Vergilər Nazirliyinin 2013-cü il ərzində görülmüş məlumatlandırma və maarifləndirmə işləri haqqında hesabatında əksini tapıb. Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, eləcə də  hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayından Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb. Məlumatda həmçinin bildirilir ki, 2013-cü il ərzində göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət mərkəzlərinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS) inteqrasiyası başa çatdırılıb, xidmət mərkəzlərinin hamısı AVİS sisteminə qoşulub və sürətli internet xətti ilə təchiz olunub.