Azərbaycanda dərmanların qiyməti bahalaşacaq-Özəl

29 Yanvar 2014 16:04 (UTC+04:00)

Rusiyanın dərman ixracını dayandırması ilə bağlı qərarı bu ölkədən dərman alan MDB ölkələrində narahatlığa səbəb olub. Məlumatlara görə, Rusiyanın bu qərarı dərman bazarında bahalaşmaya yol aça bilər. Qeyd edək ki, Azərbaycan da Rusiyadan dərman preparatları idxal edir. Movqe.az yaranmış vəziyyətin Azərbaycanın dərman bazarında bahalaşmaya səbəb olub-olmayacağını araşdırıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dərman bazarının 14 faizini Rusiyanın istehsal etdiyi dərman preparatları təşkil edir: "Azərbaycanın dərman bazarında Rusya istehsalı olan dərman preparatları 14 faiz təşkil edir. Amma həmin dərmanların tərkibcə və keyfiyyətcə eyni olanları Azərbaycana Ukraynadan, MDB ölkələrindən də gətirilir. Ona görə də Rusiyanın müvəqqəti xarakter daşıyan bu qərarı Azərbaycanda dərman qıtlığına səbəb olmayacaq. Üstəlik depoların kifayət qədər dərman ehtiyatı da var".

İqtisadçılar isə qiymət artımının qaçılmaz olduğunu söyləyirlər. "Güzəran"  Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli Movqe.az-a açıqlamasında bildirib ki,  Rusiyanın dərman ixracını dayandırması  müəyyən qiymət artımlarına  gətirib çıxaracaq: "Ancaq dərman idxalçıları alternativ mənbələrə çıxmaqla bu problemi çözə bilər. Rusiyanın bu qarari dərman bazarının bəzi oyuncularının  da maraqlarına uygundur".

Dərman depolarından isə Movqe.az-a bildiriblər ki, Rusiyanın dərman ixracını dayandırması ilə bağlı qərarı Azərbaycanın dərman bazarına təsirsiz ötüşməyəcək: "Əlbəttə ki, bəzi dərmanların qiymətində artım olacaq. Rusiyanın istehsalı olan elə dərmanlar var ki, illərin sınağından çıxıb və xəstələrə onun alternativi məsləhət görülmür. Elə dərmanlar var ki, həkim məsləhət görür ki, tərkibcə eyni olan başqa dərmanlar olsa da Rusiyanın istehsalı daha güvəniləndir. Ona görə də həmin dərmanların qıtlığı yarana bilər kbu da Azərbaycanda dərmanların qiymətində artıma gətirib çıxarda bilər".