YAP Suriyada öldürülən azərbaycanlılarla bağlı mövqeyini açıqladı

29 Yanvar 2014 19:20 (UTC+04:00)

"Azərbaycan əhalisi müsəlman xalqı olaraq dini təriqətlərin baş qaldırmasına imkan verməyib və bundan sonra da imkan verməyəcək". Movqe.az-ın məlumatına görə, bu barədə publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı son vaxtlar bir qrup Azərbaycanlı gənclərin qeyri-qanuni yollarla səfərbər olunaraq dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi məsələsinə münasibət bildirərkən deyib.

M.Qurbanlı vurğulayıb ki, çünki, islamda dini təriqətin özü yolverilməzdir: "İslam dini vahid dindir və bu din içərisində kimlərsə müxtəlif təriqətlər adı altında siyasətə qoşulmaq, dini pərdə arxasında gizlənərək müxtəlif siyasi və başqa niyyətlərini həyata keçirmək istəyirsə, o zaman buna xalq dəstək verməyəcək. Çünki İslam dini özü də bunun əleyhinədir". M.Qurbanlı qeyd edib ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının zaman-zaman keçirdikləri əməliyyatlar nəticəsində bu cür dini qruplaşmaların fəallaşmasının qarşısı alınıb: "Əminəm ki, bundan sonra da onların qarşısı alınacaq. Çünki Azərbaycan dövləti çox güclüdür və xalqımz monolitdir. İndi Azərbaycan daxilində hər hansı qruplaşmanın təxribat törətmək imkanı çox aşağı səviyyədədir. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin (MTN) çevik fəaliyyəti, həmçinin hüquq-mühafizə orqanlarının zamanında gördüyü proflaktik tədbirlər kənardan ölkəyə gətirilən və Azərbaycanda təxribatlar törətmək istəyən qüvvələri zərərsizləşdirməkdə mühüm rol oynayır. Eyni zamanda Azərbaycanda hansısa radikal dini qruplaşmaların proflaktik olaraq qarşısının alınması üçün Bütün Qafqazın Şeyxinin ötəngünkü çıxışı çox vacib idi. Mən onun radikal dini qruplaşmaların Azərbaycanda fəallaşması ilə bağlı keçirdiyi narahatçılığını başa düşürəm. Çünki cənab Şeyx Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri olaraq zamanında öz narahatlığını çatdırıb və dününənki toplantıda da fikirlərini açıqlayıb".