Soyuducu kameraların qiymətindən böyük narazılıq var

30 Yanvar 2014 13:35 (UTC+04:00)

Son illər regionlarda meyvələrin qorunub saxlanması üçün çoxlu sayda soyuducu anbarlar tikilərək fermerlərin ixtiyarına verilib. Amma buna baxmayaraq, saxlanan bəzi  meyvələr bu gün bazarda həddindən artıq baha qiymətə satılır. Bunlardan biri də bu gün pik qiymətə satılan alçadır. Belə ki, bir neçə bazar və marketlərdə aparılan araşdırma nəticəsində məlum olub ki, bu gün alçanın kilosu 900-1000 manata satılır. Normalda kiloqramla satılan alça indi dənə ilə, həm də 7-15 manata satılır. 

Qiymətin bu həddə çatmasının səbəblərinə gəlincə isə, Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin rəisi Sabir Vəliyev bunu soyuducu anbarların qiymətinin çox baha olması ilə əlaqələndirdi: "Soyuducu kameraların sahibkarları yüksək qiymət qoyduqlarına görə, fermer də vəsait sərf edib saxladığı məhsulunu baha qiymətə satmağa məcbur olur ki, sərf etdiyi pulu geri götürsün və gəlir əldə etsin. Təəssüf ki, sahibkarlar bəzi hallarda fermerləri istismar edirlər.  Bunun qarşısını almaq mümkün deyil. Çünki, bu, bazar iqtisadiyyatıdır. Rentabelliyi gözləmək şərti ilə onlar istədiyi qiymətə sata bilərlər. Dövlət buna qarışmır. Çünki, Azərbaycanda 1993-cü ildən bəri iqtisadiyyat liberallaşıb. Bazar öz konyekturasını özü nizamlayır. Qiymətin aşağı olması üçün gərək soyuducu kameraların  sayı çoxaldılsın. Soyuducu anbarlar arasında rəqabətlik mühiti yaransa, bu zaman qiymətlər də normal dəyərdə ola bilər". 

Kənd Təsərrüfatı üzrə ekspert Nizami Qarayev isə alçanın qiymətinin bu həddə yüksək olmasını onun yerli məhsul olmaması ilə bağlı olduğunu deyir: "Əslində, məhsullar bizim məhsullar deyil. Bu cür meyvəni bizdə anbarlarda saxlamırlar. Bu alçalar hamısı cənub yarımkürəsindən gəlir. Coğrafi cəhətdən uzaq bir məsafədən gəldiyi üçün yol xərcləri, onların saxlanması, bura gəlirilməsi çətin bir prosesdir. Qiymətin baha olması da məhz bununla bağlıdır.  Bizim saxlama kameralarında bu cür məhsullar saxlanılmır. İndi heç kim bir mövsümdən digər mövsümə meyvə dondurub saxlamağı təcrübədən keçirməyib hələ ki. Çünki, uzun müddət saxlamaq üçün xüsusi texnologiya gərəkdir". 

Ekspert Azərbaycanda saxlanma kameralarının fəaliyyətsiz qaldığını bildirir və buun səbəbini də qiymət yüksəkliyi ilə əlaqələndirir: "Düzdür, Azərbaycanda saxlama kameraları şəbəkəsi qurulub. Təxminən 27-dən çox saxlama kameralarının fəaliyyət göstərdiyi haqda məlumat verilir. Amma saxlama kameralarının fəaliyyətinə nəzər salsaq görərik ki, onların heç də hamısı işləmir. Onların bir hissəsi boş qalıb, bir hissəsi isə, sadəcə iri sahibkarlara xidmət edir. Onlar fermerlərdən məhsul ala bilmirlər. Bunun da bir çox səbəbləri var. Belə ki, saxlama kameralarına qoyulan məhsullar sonradan xarab olarsa, hər hansı bir xoşagəlməyən hadisə baş verərsə, məhsulu siğortalama prosesi yoxdur. Ona görə də, fermer zəmanət ala bilmir ki, saxlama kameralarına qoyulmuş məhsulu sonradan yüksək keyfiyyətdə geri ala biləcək. Azərbaycan miqyasında belə hallar olub ki, saxlama kameralarına qoyulan məhsullar saxlama zamanı xarab olub. Fermerlərə isə heç kim kompensasiya verməyib . Bu məsuliyyəti heç kim öz üzərinə götürməyib. Nəticədə fermerlər ciddi ziyan çəkib. Belə vəziyyətdə fermerlərin saxlama kameralarına maraq göstərməsi hər il azalır. Nəticədə fermerlər saxlama kameraları ilə əməkdaşlıq eləmir. Məsələnin digər tərəfi isə qiymətlə bağlıdır. Bu gün saxlama kameralarında ən ucuz saxlanan məhsul almadır ki, onun da tonu 40 manata saxlanılır. Əgər saxlama müddətini 5 ay götürsək, bu təxminən hər kiloqramda meyvənin 20 qəpik bahalaşmasına gətirib çıxarır. Çox zaman fermer proqnoz verə bilmir ki, o 5 ay saxladıqdan sonra məhsulunu həmin qiymətə sata biləcək, yoxsa yox. Bəzi yerlərdə elə vəziyyət yaranır ki, məhsulun bazarda satılma qiyməti ilə saxlama kamerasında saxlandıqdan sonra satıldığı qiymət arasında heç bir fərq olmur. Bəzən isə hətta adi halda satılma qiyməti daha yüksək olur. Bütün bunlar fermerlərin saxlama kameralarına marağını azaldır".