Dayanacaqlara qənim kəsilənlər

30 Yanvar 2014 16:25 (UTC+04:00)

Son illər paytaxtda çoxsaylı yeni avtobus dayanacaqları quraşdırılıb və onlar müasir tələblərə cavab verir.  Görüntü cəhətdən şəhərə yaraşıq verən bu dayanacaqlarda eyni zamanda nəqliyyatın idarəetmə sistemi ilə əlaqəli şəkildə işləyən monitorlar da quraşdırılıb ki, insanlar burdan marşrutların intervalları haqda da məlumatlana bilərlər. Bütün bunlar insanların rahatlığı  üçün nəzərdə tutulsa da, bəziləri görünür, bunu anlamaqda çətinlik çəkir, eyni zamanda dövlət mülkiyyəti olan bu obyektlərə müxtəlif formalarda ziyan  vururlar. Şəhərin müxtəlif ərazilərində şüşələri sındırılmış, oturacaqları zədələnmiş dayanacaqlara rast gəlmək mümkündür. Problem odur ki, bəzən zədələnmiş dayanacaqlar uzun müddət yenidən bərpa olunmur. 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dayanacaqlara ziyan dəydiyi halda onun yerləşdiyi ərazinin İcra Hakimiyyəti orqanları tərəfindən dərhal dəymiş ziyanın aradan qaldırılmalı olduğunu deyir. Onun sözlərinə görə, iş araşdırılmalı, zərəri vuran şəxs İnzibati Xətalar Məcəlləsinə əsasən, cərmə edilməlidir:  "Dayanacaqlar yol infrastukturuna aid obyektlərdir. Ona dəymiş ziyan əgər kiminsə təqsirindən, kiminsə günahından baş veribsə, həmin şəxs tərəfindən də vurulmuş ziyan ödənilməlidir. Bu məsələnin bir tərəfidir. Amma həmin dayanacaqların o vəziyyətdə saxlanmasına görə həmin əraziyə baxan İcra Hakimiyyətinin müvaiq şöbələri və sərnişin daşımalara nəzarət edən qurumlar məsuliyyət daşıyırlar. Həmin dayanacaqlar konkret olaraq Bakı Şəhər İcra hakimiyyətinin tabeliyindədir. Bakı Şəhər İcra Hakimiyyətinə hansısa dayanacaqda problem olması haqda məlumat gəldikdə, problem dərhal aradan qaldırlmalıdır. Həm də araşdırılma aparılmalıdır ki, ziyan kim tərəfindən vurulub. Əgər aşkar olunarsa, şəxs vurulmuş ziyana görə İnzibati Xətalar Məcəlləsinə əsasən yol-hərəkət qaydalarının pozmaqla bağlı məsuliyyətə cəlb edilməlidir. Bu, birbaşa olaraq yol-nəqliyyat hadisəsi kimi qeydiyyata alınmalı və həmin o şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Əgər ziyan vuran şəxs könüllü şəkildə ödəmə etməzsə,  İcra Hakimiyyəti iddia qaldırmalı və ziyanın ödənməsini həmin şəxsdən tələb etməlidir. Amma ödəməni gözləməmiş də ziyan aradan qaldırılmalıdır. Çünki, bu şəhərin görkəmini pozur.  Həm də dayanacağa zərər dəyərsə, təhlükələr də yaşana bilər. Məsələn, zərər dəymiş dayanacaq küləkli havada insanların üzərinə aşa bilər. Burda bir şey də qeyd olunmalıdır ki, yerləşdirilən monitorlar Məlumatın İntelekktual İdarəetmə mərkəzi ilə bağlıdır.  Deməli, burda Nəqliyyat Nazirliyinin də müvafiq strukturlarının nəzarəti də olmalıdır.

Bundan əlavə, ikinci bir variant da var ki, dayanacaqların zərər görməsi təbii amillərlə də bağlı baş verə bilər. Bütün hallarda iş araşdırılmalı və dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər görülməlidir". 

 Memar Zemfira Budaqova isə ictimaiyyətin özünün bu barədə məsuliyyət daşıdığını deyir : "Bunlar ictimai xidmətlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Ona görə, ictimaiyyət özü bu məsəəlyə diqqət etməlidir. Bunu ən çox edən azyaşlı uşaqlar olur. Hər kəs evdə övladına düzgün tərbiyə versə, onlar da ictimaiyyətdə davranış qaydalarını bilər və dayanacaqlara ziyan vurmazlar. Amma bunu edən böyüklər də az deyil. Bu, tamamilə mədəniyyət göstəricisidir".