Radikal müxalifət radikal dindarlara qarşı çıxmadı

31 Yanvar 2014 10:00 (UTC+04:00)

Son günlər xaricdən radikal dini – ekstremist qüvvələr tərəfindən təhdid dolu bəynatlar artmaqdadır. Hələlik təhdidlər fonunda nəsə baş verməsə də aiddiyyatı qurumlar prosesləri daha ciddi nəzarətdə saxlayacaqlarını bildiriblər. Bundan başqa, ölkə ziyalıları, din xadimləri, siyasi hakimiyyətdən də bu bəyanatlara müvafiq reaksiyalar gəldi. Ancaq göz qabağındadır ki, radikal dini – ektremizm çox təhlükəli təhdid olmasına baxmayaraq, ənənəvi radikal müxalifətdən səs çıxmadı. Hansı ki, sözügedən cəbhə bugünə qədər Azərbaycana aid olan bütün proseslərə özlərinə uyğun reaksiya veriblər. Bundan başqa, son günlər cəbhə xəttindəki aktivləşməyə də biganəliklə yanadıqları hiss olunur.

Millət vəkili Aydın Mirzəzadə bildirir ki, bütün bunlar maraqlı nüansdır: "Bir qayda olaraq, müxalifət Azərbaycan iqtidarının bu və digər mövqedə tənqid, onun Azərbaycan problemlərinə düzgün yanaşmadığını iddia etməyə çalışır. Ancaq problemlər təkcə hökumətin fəaliyyəti ilə bağlı deyil ki?! Eyni zamanda ölkəyə xaricdən yaranan təhdidlərlə də ola bilər. Bir qayda olaraq, radikal müxalifət Azərbaycana xaricdən olan təhdidlərə biganə yanaşır. Bu, birincə dəfə deyil. Hətta onlar xaricdə səfərdə olarkən, xarici səfirlərlə, xaricdən gələn nümayəndə heyəti ilə görüşərkən Azərbaycana qarşı sanksiya tətbiq edilməsi ilə bağlı çağırışlar edirlər. Məsələn, son günlər Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyə dair müxalifət bir dəfə də olsun nə bəyanatla çıxış edib, nə də bu məsələyə münasibətini bildirib. Sanki bunlar Azərbaycanda yaşamırlar. Həmçinin xarici radikal dini qruplaşmalar tərəfindən Azərbaycana son günlər ünvanlanan bir neçə təhdid oldu. Ölkəmizə qarşı cihada başlayacaqlarını elan ediblər. Ancaq Azərbaycan ölkə ərazisində dini-hərbi qruplaşmaların formalaşmasına imkan, onlara heç bir halda dəstək verməyib. Bu məsələyə Azərbaycan ictimaiyyəti, ziyalılar özlərinin münasibətini bildirdilər. Hakimiyyət orqanları bununla bağlı müvafiq tədbirlər görür. Ancaq radikal müxalifət və onların nəzarəti altında olan mətbuat orqanları bu məsələdə susurlar. Bu, onların vətənpərvərliyinin, hadisələrə adekvat reaksiya vermək hissinin olmamasında irəli gəlir. Həmçinin, onlarda belə bir təəssürat var ki, Azərbaycanda vəziyyət nə qədər pis olarsa, onların hakimiyyətə gəlmək imkanları bir o qədər güclənir. Hesab edirlər ki, əgər xaricdən terrorçu qruplaşmalar Azərbaycana qarşı hər hansı bir hərəkətə başlayarsa, Azərbaycan daxilində gərginlik yaranar. Bu isə onların arzuladıqları hakimiyyət istəklərini həyata keçirə bilər. Amma onlar həmişəki kimi böyük səhv edirlər. Azərbaycanda heç bir halda vəziyyəti gərginləşdirmək, hakimiyyəti zorakılıq yolu ilə ələ almaq mümkün olmayacaq. Radikal müxalifətin bu məsələdə cəmiyyətlə bir yerdə olmaması onların cəmiyyət adından danışmaq hüququnun olmadığını bir daha sübut edir".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirir ki, din çox həssas məsələdir: "İşlərin ciddiləşməməsi üçün Azərbaycanda ənənəvi - İslamın süni və şiyə təriqəti, xristianın provaslav və katolik təriqəti, əgər tapılsa, buddizm kimi dinlər inkişaf etdirilməlidir. Qalan bütün dinlər, təriqətlər, xüsusi ilə vəhhabizmə qarşı təbliğat tədbirləri həyata keçirilməlidir. Çünki, onlar ekstremizmin yayılmasına xidmət edir. Ənənəvi müxalifətin isə buna heç bir rekasiya verməməsinin dərin səbəbləri var. Bilirik ki, dünya terrorizmi, ekstremizmi xüsusi ilə ABŞ və Avropa dövlətləri tərəfindən Səudiyyə Ərəbistanın pulu vasitəsi ilə yayır. Bizim müxalifət də eyni mənbədən maliyyələşir. Heç kəsə sirr deyil ki, "Taliban", "Əl-Qaidə" qruplaşmalarını da ABŞ-ın özü yaradıb. Ərəb ölkələrini hamısını bu qruplaşmaların ayağının altına atıblar. Vəhhabizm isə Səudiyyə Ərəbistanın rəsmi dinidir və birmənalı olaraq ekstremizm təriqətidir".