Siyavuş Novruzov deyir ki, şans sıfıra bərabərdir

30 Yanvar 2014 19:37 (UTC+04:00)

"Təəssüflər olsun ki, bəzi səfirliklər ölkənin daxili işlərinə qarışaraq bu yöndə fəaliyyət göstərirlər. Ənənəvi müxalifətin cəmiyyət üçün heç bir təsiri olmadığı üçün bəzi ölkələrin səfirləri yeni təşkilatlar yaratmağa cəhd göstərirlər". Bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun deyib. O, bildirib ki, xüsusilə, xarici ölkələrdə təhsil alan, onların təsir dairələrində olan insanları hədəf seçiblər. O cümlədən, qrantlar vasitəsilə maliyyələşdirdikləri qeyri-hökümət təşkilatlarına daha çox üstünlük verirlər: "Ənənəvi müxalifəti nə qədər himayə etsələr də, heç bir nəticə əldə edə bilmədilər. Çünki cəmiyyətimiz bunları qəbul etmədi. İndi də "istiqaməti" dəyişib yönəliblər 2015-ci ildə keçiriləcək parlament seçkilərinə. İndidən onları parlament seçkilərinə hazırlayırlar. Əgər kimsə siyasi partiya və ya təşkilat yaratmaq arzusundadırsa, "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə uyğun fəaliyyət göstərməlidir". S. Novruzov deyib ki, ənənəvi müxalifət partiyaları parlament seçkilərinə getsələr də, uğur qazana bilməyəcək: "Onların namizədliklərini irəli sürəcəklərini vəd verərək şirnikləndirirlər. Əslində isə bu insanların potensialları tamamilə tükənib. Gənc nəsildən qorxduqları üçün onlara siyasi meydan vermirlər. Bu baxımdan, da ancaq öz aralarında namizədlikləri bölürlər. Ona görə də, parlament seçkilərində bunların şansı sıfıra bərabərdir".