Azərbaycanın Britaniyadakı səfiri “The Guardian”a etiraz məktubu göndərib
30 Yanvar 2014 18:40 (UTC+04:00)
Azərbaycanın Britaniya Krallığındakı səfiri
Fəxrəddin Qurbanov bu ölkədən olan fotojurnalist Anastasiya
Teylr-Layndın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə
qanunsuz səfəri və onun "The Guardian" qəzetində çıxan məqaləsinə
görə qəzetə etiraz məktubu göndərib.
ANS PRESS-in "The Guardian" qəzetinə istinadən
verdiyi məlumata görə, diplomat məktubda fotojurnalistin səfərindən
və yanvarın 24-də qəzetdə dərc etdirdiyi Dağlıq Qarabağ regionunda
keçirilən toy mərasimindən çəkdiyi foto və materialdan
narahatlığını ifadə edib.
Səfir qeyd edib ki, incəsənətlə məşğul olan
insanlar qərəzsiz və obyektiv olmalı, münaqişədən əziyyət çəkən hər
kəsin vəziyyətini qabartmalıdırlar: "Anastasiya Teylr-Laynd
Azərbaycana səfər edib Dağlıq Qarabağdakı evlərindən çıxarılmış
məcburi köçkünlərin vəziyyətinin şahidi olmalıdır. Belə qanunsuz
səfərlər bölgəyə sülh və sabitlik gətirmək səylərini kömək
etmir".
F.Qurbanov Azərbaycanın Dağlıq Qarabağ regionuna
və digər işğal olunmuş ərazilərinə icazəsiz səfərlərin qanunsuz
olduğunu qeyd edib: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə
tanınan hissəsidir və bu regiona səfər etmək istəyən əcnəbilər bunu
Azərbaycanın müvafiq qurumları vasitəsilə etməlidirlər. Dağlıq
Qarabağ regionuna icazəsiz səfər edən şəxslərin Azərbaycana
səfərləri qadağan olunur".
Məqalənin tam mətni ilə bu linkdə tanış ola
bilərsiz:
http://www.theguardian.com/artanddesign/2014/jan/23/anastasia-taylor-lind-best-photograph-wedding-nagorno-karabakh