Qripə maneə törədən bitkilər

30 Yanvar 2014 22:20 (UTC+04:00)

Havalar soyuduqda xəstəliklər də ola bilər. Sağlam olmaq üçün düzgün qidalanmaq və qrip kimi xəstəliklərdən qorunmaq lazımdır.

Bitki çayları soyuq havalar üçün yaxşı seçimdir. İtburnu, cökə, moruq, böyürtkən və limon çayları xalq təbabətində geniş istifadə olunur. Xüsusi hazırlanan çaylar da var ki, onlar mövsümü dəyişikliklər zamanı immuniteti gücləndirməyə kömək edir. Yaranan qrip infeksiyalarına qarşı effektli hesab olunan adaçayı, zəncəfil, qara bibər bitkiləri, zoğallı çay, limon suyu həm də soyuq dəyməyə xeyirlidir. Melisa və zəncəfil yarpaqlarından hazırlanan çay növləri də faydalıdr. 

Türkiyəli professor Dr. Erdem Yeşilada faydalı hesab olunan bu bitkilərin insan sağlamlığına müsbət təsirindən danışıb. Qara bibərin yeməklərə ləzzət qatan ədviyyat olduğunu bildirən mütəxəssis bu bitkinin bioloji təsirlərini qeyd edib. Tərkibi E vitamini ilə zəngin olan fındıq, qoz, badam kimi yağlı toxumlar, maye yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar da faydalıdır. Bu daha çox onların tərkibində antioksidantın olması ilə əlaqədardır.

Mütəxəssisin müsahibəsindən aydın olur ki, bəzi yağlarda Piper əhəmiyyətli komponent olduğundan sinir sistemi üçün faydalııdr. Bunlar qızdırmanı salmağa və ağrıları azaltmağa kömək edir. 

C vitamini xəstəliklərdən qorunmanın əsas köməkçisidir. Bu vitamin bədəndən zərərli maddələrin xaric olunmasını təmin edir, müdafiə sistemini gücləndirir.

Yaşıl bibər, cəfəri, gül kələm, ispanaq, portağal, limon, kivi, naringi, itburnu kimi qidalarda bol miqdarda C vitamini vardır. Bunlardan kivi dünya üzrə 26 meyvə növü içərisində qida maddəsi cəhətdən ən zəngin olan meyvə kimi təyin edilmişdir. Kivi meyvəsinin 100 qramında orta hesabla 100 - 400mg C vitamini var.

Qripdən qorunmanın ən sadə yolu tərkibində C vitamini olan bitkilərlə qidalanmaqdır.