Güclü qar Bakı yollarını iflic etdi
31 Yanvar 2014 09:10 (UTC+04:00)
Bakıya yağan güclü qar həmişəki kimi böyük fəsadlar yaradıb. ANS
PRESS-in nməlumatına görə, gecədən başlayaraq yol qəzalarının sayı
durmadan artır. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, çağırışların 50
faizdən çoxu yol qəzaları ilə bağlıdır. Bu saatlara qədər yolda
qalan sürücülər mənzilə çatmaq üçün çalışırlar. Kimi avtomobilini
itələyir, kimi isə maşını yavaşca idarə edərək, qəzadan qorunmağa
çalışır. Bəzi sürücülər isə, avtomobili bir kənarda saxlayaraq,
maşında gecələməyi daha üstün tuturlar. Qeyd edək ki, Bakının
Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz
bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz
edib. Paytaxt yollarında eləcə də körpü və tunellərdə uzun tıxaclar
meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.
Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti
tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə - şəhərə doğru
qayıtmağa məcbur olublar.