Paytaxta yağan qar avtobus qıtlığı yaradıb
31 Yanvar 2014 09:53 (UTC+04:00)
Paytaxta yağan güclü qar Bakıda hərəkəti iflic edib.
Sərnişindaşımada ciddi problemlər yaranıb. Bakıətrafı kəndlərdən
şəhərə işləyən avtobusların sayının azalması nəqliyyat problemi
yaradıb. Movqe.az xəbər verir ki, sürücülər sərnişinlərə qar bu
templə yağarsa saat 16:00-dan sonra işləməyin mümkün olmayacağını
söyləyiblər. Hazırda Köhnə Günəşli, Masazır, Binəqədi, Mehdiabad,
Novxanı istiqamətindən sərnişin daşıyan avtobusların hərəkəti iflic
olub. Yaranmış problem taksilərdə qiymət artımına da yol açıb.
Paytaxtın müxtəlif istiqamətlərindən şəhərə taksi xidməti 20-30
manata təklif olunur. Avtobus tapa bilməyən sərnişinlər piyada
hərəkət etmək məcburiyyətində qalıblar. Nəqliyyat Nazirliyin
mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Movqe.az-a bildirib ki,
bu gün paytaxtda xəttə buraxılan sərnişin avtobuslarının sayı
təxmini 2 minə yaxındır. Lakin gün ərzində havanın necə olacağından
asılı olaraq, sərnişin avtobuslarının saat neçəyə qədər
işləyəcəyinə qərar veriləcək. "Hələlik bütü avtobuslar xəttə
buraxılıb. Düzdür avtobus qrafikində gecikmələr ola bilər. Hələlik
nəzərdə tutulub ki, avtobuslar axşam saatlarına qədər işləsin.
Lakin ola bilər ki, hava daha da pisləşsin. Belə vəziyyətdə, biz
sərnişinləri təhlükə altında qoya bilmərik", - deyə Namiq Həsənov
bildirib.
Nazirlik rəsmisi bildirib ki, sərnişin avtobuslarının gediş haqqı
qiymətlərində də heç bir artım ola bilməz: "Əgər kimsə süni qiymət
artımı ilə rastlaşsa, nazirliyin 012 561 76 28 saylı "Qaynar
xətti"nə müraciət edə bilər", - deyə N.Həsənov əlavə edib.
Qeyd edək ki, səhər saatlarında sakinlər avtobusların vaxtında
işləməməsindən, bəzi ərazilərdə isə ümumiyyətlə sərnişin
avtobusunun olmamasından şikayətlənir.Yolların əksər ərazilərdə
keçilməz olması isə qar üstə yıxılanların sayını artırıb.