Layihəsi itən binaların yaratdığı təhdidlər

31 Yanvar 2014 10:17 (UTC+04:00)

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Regional Mərkəzi tərəfindən 2013-cü ildə Bakının rayonlarında istismarda olan, SSRİ dövründə inşa olunmuş 5 və 9 mərtəbəli 608 binaya baxış keçirilib. Monitorinq zamanı ən çoxu Nərimanov (70) və Nəsimi (52) rayonlarının payına düşməklə, pozuntu halları ilə bağlı cəmi 173 akt tərtib edilib. Aktlar əsasən qeyri-qanuni tiklilər, binaların qəzalı vəziyyətdə olması və s. ilə bağlı olub. Maraqlısı budur ki, monitorinq zamanı 352 layihəsi itirilmiş bina aşkarlanıb. Belə hallara ən çox Nərimanov (156 bina) və Nəsimi (144 bina) rayonlarında rast gəlinib. Mütəxəssislər bu faktın ciddi təhlükələrə yol aça biləcəyini zənn edirlər.

AZMİU İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov bildirir ki, əgər binanın layihəsi yoxdursa, ilk növbədə o binada nəyə əsasən tədqiqat aparmağı müəyyən etmək çox çətin olacaq: "Binanın layihə cizgiləri olmalıdır ki, istismar müddətində binada hansı dəyişiklərin aparılmasına baxılsın. Bilinsin ki, istismar qaydalarına riayət olunubmu, vaxtlı-vaxtında cari və əsaslı təmir işləri aparılıb, ya yox? O sənədlər vaxtı ilə layihə institutları və ya büroları tərəfindən hazırlanıb, tikinti təşkilatlarına verilib. Həmin layihə əsasında binalar tikilir və istismara buraxılır. Bu gün mövcud olamayan layihələrdən hansısa mülahizələri irəli sürmək mümkün deyil. Ona görə diqqəti artırıb layihələri tapmaq lazımdır. Çünki, layihə o vaxtlar 5 nüsxədən ibarət hazırlanırdı. Onun birincisi layihəni yerinə yetirən təşkilatda qalırdı. Ondan sonra müvafiq təşkilatlara verilirdi. İnandırıcı deyil ki, fövqəladə hallar nazirliyində belə binaların lahiyələri tapıla bilməsin. Bu dövlət sənətidir. Bunu bilərəkdən, hansısa məqsədi həyata keçirmək üçün itirə bilməzlər. Burada insanların taleyindən söhbət gedir. Əgər həmin binada qeyri-qanuni təmir işləri, mərtəbələrin, eyvanların əlavə edilərsə, binanın istismar müddəti azalacaq. Bütün normativ sənədlərdə də bunlar göstərilir".

Həmin binalara sənəd verilməsi və ya sökülməsi məsələsinə gəlincə, professor bildirdi ki, onların istismar müddətinə diqqət etmək lazımdır: "Orada elə binalar var ki, istismara yararsızdır. Onlar sökülməlidir. Bununla bağlı da FHN-də xüsusi komissiya var. Həmin binalar təyinatına görə adətən maksimum 60-80 ilə hesablanıb. Sökülmə də binanın təyinatından asılıdır. Əslində, heç bir sənəd itməməlidir. Çünki, sənədsiz binaya qiymət vermək olmur. Onun yükdaşıyıcı konstruksiyası, əsaslı özüllər var ki, fiziki aşınmalar baş verə bilər".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə isə layihəsiz binaların yarada biləcəyi təhlükələrə daha fərqli yanaşıdı: "Əgər hansısa binanın layihəsi yoxdursa, bu, özünü daha çox həmin binada baş verəcək fövqəladə hallar, xüsusi ilə yanğın zamanı göstərə bilər. Çünki, layihədə həm də fövqəladə hallar zamanı görüləcək tədbirlər, binadan çıxış yolları göstərilir. Həmin 352 bina isə tipik binalardır. Burada binaların lahiyələrinin yenidən tərtib olunması daha rahat olardı, nəniki, sökülməsi. Onsuz istismar müddəti başa çatmış kifayət qədər binalar var. Sökülməyə ehtiyac varsa, onlar sökülməlidir. Onların eskiz layihəsi olsa belə, binanın yarasızlığı aşkar edilərsə, sökülməsi zəruridir. Eyni ilə layihəsi olmadığı halda əgər bina köhnədirsə, onun sökülməsi də mütləqdir".