Qazaxda avtomobil körpüdən dərəyə aşdı

31 Yanvar 2014 10:38 (UTC+04:00)

Ağır deformasiyaya uğrayan maşında olan 3 nəfərdən biri ağır xəsarət alaraq ölüb. 

Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Movqe.az-ın Fövqəladə hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə, qəza rayonun Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. 


Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb. Sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub. Digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 


Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib.