Qeyri-sabit hava təbii qaza olan tələbatı artırıb

31 Yanvar 2014 10:43 (UTC+04:00)

Yanvarın 31-nə olan məlumata görə, Azərbaycan əhalisinə verilən qazın sutkalıq həcmi 22 yanvara olan 26,2 milyon kubmetr göstəriciyə qarşı 29,3 milyon kubmetr təşkil edir. Ölkədə qaza tələbatın artması hava şəraitinin pisləşməsi ilə əlaqədardır. Bu barədə Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən deyilib.

Təkcə bir gündə ölkədə qaza olan sutkalıq tələbat iki milyon kubmetr artıb: "Əgər dünən qaza olan sutkalıq tələbat 27,3 milyon kubmetr idisə, operativ məlumatlara görə, bu rəqəm hazırda 29,3 milyon kubmetrə bərabərdir".

Ölkə üzrə qaza olan sutkalıq tələbatın həcmindən 17,9 milyon kubmetri Bakının, 11,4 milyon kubmetri isə regionların payına düşür.

İB-dən deyilib ki, abonentlərin qazla təchizatında problem yoxdur və ehtiyac yaranacağı təqdirdə qazın verilişi artırılacaq.