"Azəryolservis" ASC: "Onlar yolu bağlayır..."

31 Yanvar 2014 11:25 (UTC+04:00)

Yollar təmizlənir. Səriştəsiz sürücülər yollarda problem yaradır. Bu sözləri Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, bəzi səriştəsiz sürücülər qarlı hava şəraitində nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiyindən həm digər avtomobillərə, həm də yollarda aparılan işlərə mane olurlar. Bu isə yollarda tıxacların yaranmasına, bəzi hallarda isə ciddi problemlərə gətirib çıxarır: "Səriştəsiz sürücülərə xəbərdarlıq edirik ki, onlar qar və çovğunun müşahidə olunduğu bu günlərdə avtomobillə yola çıxmasınlar. Çünki onlar həm yolu bağlayır, həm yollarda təmizləmə işləri aparan texnikanın fəaliyyətinə problem yaradırlar".

P.Mürsəliyev deyib ki, Bakı-Sumqayıt yolunda təmizləmə işi aparılır: "Bu yol açıqdır. Sadəcə avtomobillər hava şəraitinə uyğun olaraq sürət həddini seçir".

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində günü-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, qarın bəzi yerlərdə intensiv olacağı gözlənilir. Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.