Məhşur brendlərin adı ilə alıcılara sırınan Çin malları

31 Yanvar 2014 15:23 (UTC+04:00)

Bu gün bir sıra  ticarət mərkəzlərində müştərilərin müxtəlif yollarla aldadılması hallarına tez-tez təsadüf olunur. Bəzi hallarda Çin istehsalı olan keyfiyyətsiz məhsulların etiketlərinin dəyişdirilərək buraya məşhur brendlərin yarlıqlarının  yapışdırılmasına hallarına rast gəlinir. Belə məhsulları məhşur brendin aid olduğu ölkədən gətirilmiş kimi əhaliyə təqdim edirlər. Bu, təbii ki, qiymətlərdə də öz əksini tapır. 

Birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması faktı olan bu halla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Mövqe.az saytına verdiyi açıqlamada qeyd edir: "Ölkədə istehlakçı siyasəti qurulmalı,  onların hüquqları mükəmməl şəkildə qorunmalıdır. Eyni zamanda, satılan hər bir məhsulun sənədi olmalıdır. Azərbaycanda sənaye mallarının 95%-nin ümumiyyətlə, heç bir sənədi yoxdur. Nə mənşəyi ilə, nə qiyməti ilə bağlı heç bir sənəd var. Əlbəttə, dövlətin istehlakçı hüquqlarını qoruyan qurumlarının monitorinqləri, maarifləndirmə işləri mütəmadi olaraq həyata keçirilməlidr. Bu kimi halların baş verməsinin səbəbi də lazımlı tədbirlərin həyata keçirilməməsidir". 

İqtisadçı ekspert Natiq Cəfərli problemin həlli üçün məşhur brendlərin Azərbaycanda rəsmi dilerlərinin açılmasını təklif etdi: "Bu işin həyata keçirilməsində məqsəd alıcıların daha çox cəlb edilməsidir. Onlar bilirlər ki, alıcılar əlbəttə ki, daha çox tanınmış brendlərə üstünlük verirlər. Ayrı-ayrı brendlərin Çində rəsmi dilerləri olsa da, bu şəkildə satılan məhsullar qeyri-rəsmi şəkildə istehsal olunanlardır. Bəzi məhşur brendlər rəsmən Çində  istehsalla məşğuldurlar. Kustar üsulu ilə hazırlanmış, amma üzərində hər hansı bir brendin nişanı olan malların satışının yayğın olması isə Azərbaycanda və bütün ölkələrdə var. Bunun qarşısının alınmasının yeganə üsulu nəzarətin gücləndirilməsi, rəsmi müqavilərlə işlənilməsi, rəsmi dilerlərin Azərbaycanda fəaliyyət göstərməsidir. Çünki Azərbaycanda iri brendlərin rəsmi dilerləri olsa, onların öz marağı olacaq ki, bazarı nəzarətdə saxlasınlar. Hər hansı bir qanun pozuntusu olsa, bu barədə müvafiq orqanlara xəbər verəcəklər. Bu rəsmi dilerlər şəbəkəsi Azərbaycanda yaranmasa, saxta məhsulların məhşur brend yarlığı ilə satılmasına qarşı  mübarizə çətin olacaq. Ona görə də, təşviq proqramları elan edilməli, dövlət rəsmi dilerlərin Azərbaycana gəlişi üçün daha yaxşı şərait yaratmalıdırlar ki,  onlar da mallarının bazarda qeyri-qanuni şəkildə satılmasına nəzarət edə bilsinlər və mənfi hal yaşandıqda tez xəbərdarlıq etsinlər. Problemin həllinin birinci yolu budur. 

İkinci problem isə məlumat çatışmazlığıdır. Televiziyalarda, media orqanlarında bu barədə verilişlər təşkil olunmalı, izahlar aparılmalı, əhali bilgiləndirilməlidir. Və istehlakçıların hüquqlarının müdafiəsi ilə birbaşa məşğul olan qurumlar, əsasən də İqtisadiyyat və Sənaye Nazirlyinin  müvafiq orqanları bu barədə şikayətlərə operativ baxmalı və daha tez nəticə çıxartmalıdırlar".