Uzun müddətdir ki, tətbiqi gözlənən icbari tibbi sığortanın bu il ərzində reallaşa biləcəyinə dair fikirlər səslənsə də hələlik məsələ ilə bağlı hansısa yenilik yoxdur. Ekspertlər isə sözügedən sığorta növünün tətbiqinin gecikməsinin səbəbini müxtəlif cür izah edirlər.
Sığorta üzrə ekspert
Xəyal Məmmədxanlı Mövqe.az saytına verdiyi açıqlamada Azərbaycanda
sözügedən icbari tibbi sığortanın tətbiqi üçün bir sıra maneələrin
olduğunu dedi: "İcbari tibbi sığortanın 2015-ci ilə kimi
tətbiqi planlaşdırılmışdı. Amma bu sahədə bizdə bəzi problemlər
var. Birinci problem ondan ibarətdir ki, hal-hazırda Azərbaycanda
səhiyyə sektoru, xəstəxanalar, apteklər və s. mərkəzləşdirilmiş bir
bazaya və ya idarəetmə sisteminə daxil olmalıdır ki, xəstələr bu
xəstəxanalara yönləndirilən zaman onların hamısı mərkəz tərəfindən
idarə olunsunlar. İkinci bir məsələ isə ondan ibarətdir ki, bu
sahəyə dövlət büdcəsindən kifayət qədər böyük miqdarda pul vəsaiti
ayrılmalıdır. Çünki, tibbi sığortanın işləməyənlər, tələbələr
və ya müəyyən yaş qrupunda olan insanlar, təqaüdçülər üçün
maaliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilməlidir.
İşləyən əhali isə təbii ki, işlədiyi müəssisə, şirkət
tərəfindən maaliyyələşir. Yerdə qalan əhalinin isə digər
maaliyyələşdirilmə sistemi var. Bu bir az da infrastruktur
məsələsidir. Amma sığorta şirkətləri bu xidməti göstərməyə
hazırdır".
Azərbaycanda onsuz da tibbi
xidmətlərin ödənişsiz olduğunu deyən digər ekspert Mustafa
Abbasbəyli yenə də icbari sığortanın tətbiqinin gərəkli
olduğunu bildirdi: "Sadəcə olaraq, icbari tibbi sığortanın işləmə
mexanizmi yoxdur. Onun üzərində iş getdiyi bildirilir. Məsələ ondan
ibarətdir ki, icbari tibbi sığorta ölkədə əhaliyə pulsuz tibbi
xidmətlərin göstərilməsini özündə ehtiva edir. Azərbaycanda isə
artıq 2008-ci ildən tibbi xidmətlərin göstərilməsi tamamilə
pulsuzdur. Bu baxımdan, icbari tibbi sığorta ilə bu xidmət
ziddiyyət təşkil edir. Ölkədə ikisindən biri olmalıdır. Bir çox
ölkələr icbari tibbi sığortanı, bəziləri isə, pulsuz tibbi xidməti
tətbiq edir. Biz Azərbaycan olaraq pulsuz xidməti seçmişik. Ancaq
indi təcrübə də, reallıq da göstərir ki, bunun effekti arzuolunan
səviyyədə deyil. Ona görə də, icbari tibbi sığortanın tətbiqi
getdikcə aktuallaşmağa başlayır. Bunun üzərində də çalışılır.
Ehtimal olunur ki, bu il ərzində və yaxud da, önümüzdəki yaxın
illərdə bununla bağlı yeniliklər olacaq".