İranın yaratdığı narkotik təhdidi səngimir

1 Fevral 2014 10:00 (UTC+04:00)

Cənub qonşumuzdan Azərbaycana narktotik axını hələ də səngimək bilmir. İran yenə də Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələrin idxalında ilk pillədə duran dövlətdir. Bu, Dövlət Gömrük Komitəsinin rəqəmlərində də öz əksini tapır. Komitə sədri Aydın Əliyevin açıqlamasına görə, bir-iki hal Rusiya sərhədində qeydə alınsa da, Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir: "Ötən il Komitə tərəfindən 130 kq-dan çox narkotik və psixotrop maddələr tutulub. Bunların da çəkisinə baxanda ilk dəfə olaraq üstünlük ən çox heroinin payına düşür. Bu, olduqca diqqəti cəlbedən faktdır. Çoxdandır kokain aşkar olunmurdu. Bununla bağlı indi yeni faktlar var. Ən qorxulusu odur ki, ölkə ərazisinə uyuşdurucu maddələr üçün xammal gətirilir".

Ekspertlərin fikrincə, bu amil İranın özü ilə bağlıdır. İran dünyaya narkotik vasitə satan ölkələr arasında ön sıralarda durur.

İran məsələləri üzrə ekspert Sədrəddin Soltan bildirir ki, Azərbaycanın ən böyük sərhəd zolağı Rusiya və İranladır: "Ona görə də İrandan narkotikanın çox gəlməsi təəccüblü olmamalıdır. Digər tərəfdən, İran özü narkotranzit marşrutunun üstündə yerləşən və onun yayılmasında böyük rol oynayan əsas ölkələrdəndir. Bilirik ki, bölgədə ən böyük narkotika istehsal edən ölkə Əfqanıstandır. Əfqanıstandan da maddələr daha çox İran vasitəsi ilə xaricə daşınır. Ona görə onun Azərbaycan ərazisinə də keçirilməsinə cəhd və ya keçirilməsi təbii haldır. Amma təhlükəlidir. İkinci tərəfdən, İranda narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi, daşınmasının cəzası edamdır. Ancaq bu cəzaların hamısı yerinə yetirilsə idi, İranda gərək gündə kifayət insan edam olunaydı.

Bundan başqa, İran hakimiyyəti də bəzən narkotik maddənin yayılmasında maraqlıdır. Çünki, insanlar, xüsusən də gənclər ayıq olanda daha ciddi məsələlər haqqında fikirləşirlər. Ölkədə gənclərin bir sıra sosial hüquqları məhdudlaşdığından heç şübhəsiz ki, onlar günlərini rəngarəng keçirmək üçün narkotik maddələrdən istifadə edirlər. Hətta Məkkəyə ziyarətə gedən iranlıların arasında da kifayət qədər narkotik maddə aparan olub. Burada həmçinin, Avropaya keçirmək üçün Azərbaycan, Ermənistan, Türkiyədən tranzit ölkə kimi istifadə edirlər. Bunlarla yanaşı, Azərbaycanın şimalında Rusiya kimi böyük bir bazar var. Ora keçmək üçün Azərbaycandan tranzit ölkə kimi istifadə olunur. Burada əsas həll yolu sərhəddin möhkəmlənməsidir".

"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri, sabiq polis polkovniki Şəmsəddin Əliyev bildirir ki, bu məsələdə Dövlət Gömrük Komitəsi tam şəkildə haqlıdır: "İran-Azərbaycan sərhəddində Azərbaycana gətirilən narkotik vasitələrlə bağlı xidmət fəaliyyətləri daha genişdir. Amma mübarizə baxımından təbii ki, Daxili İşlər Nazirliyi daha aktiv iştirak edir. Burada bir həqiqət var ki, Azərbaycan nakotik vasitələrin daşınmasında tranzit ölkə kim istifadə edilir. Buna da ən böyük səbəb, dövlətin işğal olunmuş ərazilərdə öz nəzarətini həyata keçirə bilməməsidir. Digər tərəfdən, İran sərhəd zolağından da Azərbaycana kifayət qədər narkotik vasitə gətirilir. Bizim hüquq-mühafizə orqanları da ilin yekununda bu faktoru həmişə qabardıblar. İrandan gətirilən narkotiklərin çox olması faktoru var. Bu, Sovet vaxtında da olub, bu gün də var. Həm də İranın özündə də narkotik vasitələrə aludəçilik üstünlük təşkil edir. Amma bütün bunlara baxmayaraq, ölkəmizdə bu istiqamətdə mübarizə səngimir. İl, rüb ərzində aşkar oluna faktlar çox zaman artımla müşahidə edilib. Bu da onunla əlaqədardır ki, o istiqamətdə mübarizə daha sistemli xarakter daşıyır. Ona görə də aşkar olunan faktların sayı çoxdur".