60 vətəndaş nazirlə görüşdü

31 Yanvar 2014 19:45 (UTC+04:00)
Ucar rayonunda Kənd Təsərrüfatı naziri Heydər Əsədov sakinlərlə görüş keçirib. Qəbulda Ucardan, həmçinin ətraf rayonlar - Zərdab, Ağdaş, Göyçay və Kürdəmirdən gələn 60-a yaxın vətəndaşı qəbul edib. Qəbula gələnlər əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, süni mayalanma yolu ilə doğulan hər balaya subsidiyaların verilməsi, istehsalın genişləndirilməsi və kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsindəki çətinliklər, habelə kredit müddətlərinin uzadılması, müasir suvarma sistemlərinin alınması, taxıl biçini zamanı kombayn çatışmazlığı, bölgələrdə soyuducu anbarlarda məhsulun batması, aqroservis filiallarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, mineral gübrələrin qiymətlərinin aşağı salınması, zərərvericilərə qarşı işlədilən dərman preparatlarının dövlət tərəfindən pulsuz verilməsi, pambığın satınalma qiymətinin artırılması, pambıqçılığın inkişafı üçün texnika çatışmazlığı, regionlarda torpaq analizi laboratoriyasının yaradılması, çəltik dərmanının tikilib istifadəyə verilməsi, subsidiyaların verilmə vaxtının dəyişdirilməsi, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciət ediblər. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb.  Qəbula gələn fermerlər, eləcə də fiziki şəxslər müraciətlərini dinlənilərək onların həlli üçün aidiyyəti qurumlara göstəriş verilib.