Ketrin Eşton: “Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin sülh danışıqları yolu ilə həllinə sadiqdir”
1 Fevral 2014 14:02 (UTC+04:00)
"Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin, əvvəllər olduğu
kimi, ATƏT-in Minsk Qrupunun dəstəyi ilə beynəlxalq səviyyədə
aparılan sülh danışıqları yolu ilə həllinə sadiqdir".
Movqe.az-ın xəbərinə görə, bu barədə AB-nin Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Filipp Lefortun mandatının başa çatması
münasibətilə birliyin xarici siyasət və təhlükəsizlik məsələləri
üzrə ali komissarı Ketrin Eştonun yaydığı bəyanatda bildirilir.
K.Eşton F.Leforta səmərəli fəaliyyətinə görə təşəkkür edib: "O,
münaqişə tərəflərinə ziddiyyətlərin həllində kömək etmək üçün
səbirlə və obyektiv işlədi, nəticədə onların etimadını qazandı".
Bəyanatda qeyd olunur ki, AB həyati əhəmiyyətli bu rolun
fasiləsizliyini təmin etmək üçün yaxın günlərdə F.Lefortun xələfini
təyin edəcək.