Komandan hərbi təlimə qatıldı
1 Fevral 2014 15:16 (UTC+04:00)
Fevralın 1-də daxili işlər nazirinin müavini -
Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov
qoşunların Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində
olub. Daxili Qoşunların mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, 2014-cü ildə qarşıya qoyulmuş xidməti-döyüş
tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin
yoxlanılması məqsədilə regionlarda həyata keçirilən sayca 4-cü
səfərində Daxili Qoşunların Komandanı hərbi hissənin bütün xidmət
sahələri, eləcə də şəxsi heyətin kazarma-məişət şəraiti və
təminat-təhcizatı ilə yaxından tanış olub.
Hərbi hissə komandiri bütün xidmət sahələri və
döyüş hazırlığının vəziyyəti,o cümlədən şəxsi heyətin
mənəvi-psixoloji durumu barədə geniş məruzə edib. Qeyd olunub ki,
yüksək döyüş qabiliyyətinə malik hərbi hissənin şəxsi heyətinin
fiziki hazırlığı, sağlamlıq durumu, həmçinin mənəvi-psixoloji
vəziyyəti tələb olunan səviyyədədir.
Sonra kəskin qarlı və şaxtalı hava şəraitinə
baxmayaraq, hərbi hissədə real şəraitə uyğun xüsusi-taktiki təlim
nümayiş etdirilib.
Təlimi izləyən Daxili Qoşunlar Komandanı şəxsi
heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin
peşəkarlığını xüsusilə vurğulanıb, peşə vərdişlərinin artırılması
istiqamətində səylərin daha da artırılmasının vacibliyini önə
çəkib.
O, həmçinin hərbi hissənin coğrafi-strateji
mövqeyini vurğulayaraq, hərbi hissənin daima yüksək döyüş
hazırlığına gətirilməsinin vacibliyini qeyd etmiş,diqqətdə
saxlanılması barədə tapşırıqlar verib.
Digər hərbi hissələrdə olduğu kimi, bu dəfə də
general-mayor Ş.Məmmədov hərbi hissənin zabitləri, gizirləri və
əsgər valideyinləri ilə fərdi qaydada görüşüb, onların
müraciətlərini dinləyib. Qaldırılan məsələlərin nəzarətdə
saxlanılması, həlli mümkün olanların isə dərhal yerinə yetirilməsi
istiqamətində müvafiq göstərişlər verib.