Mobil nömrələrin daşınması sistemi işə salındı
1 Fevral 2014 18:25 (UTC+04:00)
Bu gündən etibarən respublika ərazisində sellülar (mobil) nömrə
daşınması xidməti fəaliyyətə başlayır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Movqe.az-a
verilən məlumata görə, bununla əlaqədar normativ hüquqi sənədlər
qəbul edilmiş, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar,
yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil
operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb,
mobil operatorların şəbəkədaxili yığımları standart formata
uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılmış və müvafiq
test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa
çatdırılıb. Bu xidmət sayəsində mobil rabitə abonentləri operator
tərəfindən onlara satılan prefiksləri (050,051,055, 070, 077)
dəyişmədən bir operatordan digərinə keçə biləcəklər. Bu xidmət
ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin
istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni
saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil
operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun
şəbəkəsinə daşınmasına imkan yaradır.
Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və
bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq,
mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə
gətirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilmişdir.
Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin
artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət
keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv
istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına,
abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun
şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.