MN: Son günlər cəbhədəki döyüşlərdə Azərbaycanın iki hərbçisi şəhid olub, ermənilərin itkisi isə onlarladır

2 Fevral 2014 19:01 (UTC+04:00)

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib


Yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Cəbhə xəttində Azərbaycan Ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlərin həqiqəti əks etdirmədiyini deyən V. Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir: "Biz onu deyə bilərik ki, ermənilərin itkisi onlarladır".

Nazirlik sözçüsü Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini də təkzib edib.