Estoniya Azərbaycanın elektron imzasını tanıyacaq

2 Fevral 2014 21:07 (UTC+04:00)

Azərbaycanın Sertifikasiya Xidmətləri Mərkəzi və Estoniya elektron rəqəmli imzanın ikitərəfli tanınması məsələsi üzrə anlaşma memorandumu imzalayacaqlar. Bunu Trend-ə Vergilər Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, sənədin imzalanması fevralın ikinci ongünlüyünün sonunda gözlənilir. Memorandumun imzalanması mərasimində vergilər naziri Fazil Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti, Avropa Parlamentinin və biznes strukturların nümayəndələri iştirak edəcəklər.

Vergilər Nazirliyindən bildiriblər ki, ilkin mərhələdə elektron imzalar Estoniya və Azərbaycan tərəfdən ikitərəfli qaydada tanınacaq: "Gələcək planlara elektron imzanın bütün Avropa ölkələri tərəfindən tanınması daxildir".

Qeyd edək ki, elektron imzanın beynəlxalq aləmdə tanınması ölkələrin dövlət və özəl təşkilatları arasında sənədlərin imzalanması zamanı onun hüquqi əhəmiyyətinə zəmanət verir.