"Röyanın səhnəyə lüt çıxması sənəti murdarlamaqdır"

3 Fevral 2014 16:16 (UTC+04:00)

Röya Ayxana sarayda konsert yasaqlanmalı, ilk qulaqburması olaraq diskləri yandırılmalıdır


Ötən həftənin mədəniyyət hadisələrindən biri sevilən müğənni, özəlliklə də gənclərin sevimlisi Röya Ayxanın ölkənin mərkəzi mədəniyyət arenası olan Heydər Əliyev sarayında konsert verməsi oldu. "Mənəm" adlı konsert anşlaqla keçdi və müğənni bu dəfə də öz parlaq ifası ilə sevənlərinin alqışlarını qazandı. Röya Ayxan son 15 ilin ən parlaq estrada müğənnilərindən olmaqla kifayət qədər şöhrət qazanıb. 

Onu qonşu Rusiya, Gürcüstan, Türkiyədə də tanıyır, sevirlər.  Bütün istedadına, gözəl, qulağa yatımlı səsə malik olmasına rəğmən Röya Ayxan bəzən şıltaq, Şərq-müsəlman, türk mentalitetinə uyğun olmayan davranışları, açıqlamları ilə də diqqət çəkir. Bəzən mədəni səviyyəsini, geyim və davranışlarındakı qüsurları ona irad tururlar. Sənət tənqidçiləri haqlı olaraq şit davranışlarının, bayağı geyim tərzinin Röyaya  hörmətsizlik gətirdiyini deyirlər və bunda haqlıdırlar. Hələ subay vaxtları çəkdirdiyi erotik şəkillər, hamamda verdiyi pozalar bu gənc müğənniyə nifrət yaratmışdı. Sonra tanınmış iş adamının oğlu Anarla ailə qurdu və bir oğlu da dünyaya gəldi. Çoxları güman edirdi ki, ailə qurandan sonra Röya şit hərəkətlərinə son qoyar, Şərq müsəlman ölkəsində yaşadığının fərqinə varar, qeyri-etik davranışlara yol verməz. Amma belə düşünənlər yanılırmış.


 "Mənəm" adlı konsertində Röya səhnəyə abırsız bir görkəmdə çıxdı! Səhnəyə ətəksiz, corabla çıxan, alt paltarı görünən müğənni bununla ciddi dövlət tədbirlərinin keçirildiyi saraya da, saraya toplaşan pərəstişkarlarına da hörmətsizliyini ortaya qoymuş oldu. Düzdü, dünyaca məşhur müğənnilərdən Şakira, Rihanna və digərləri səhnəyə qeyri-standart geyimlərdə çıxır, bəzən konsert zamanı soyunurlar. Bu, Qərbdə qəbul olunmuş normadır. Röya Qərb sənətçiləri ilə müqayisə oluna bilməz. Röya Azərbaycan səviyyəsində, uzağı, bölgə dövlətlərində tanınır. Həm bu, həm də digər səbəblərə görə, Röya yaşadığı, konsert verdiyi ölkənin insanlarına, onların dini inanclarına, milli adət-ənənələrinə hörmət etməyə borcludur. Hətta qonşu Rusiyada estrada müğənniləri bu cür ədəbsizlik etmirlər. Konsertə lüt çıxmır, ədəbsiz pozada afişalar asmırlar. Nədən? Çünki Rusiyada milyonlarla islam inancında olan insan yaşayır. Dövlət qurumları, konsert təşkilatçıları onların rəyinə hörmət edirlər. Avropaya inteqrasiya kursunu tutsaq da, Azərbaycan islam ölkəsidir. Bakı bir neçə il əvvəl islam mədəniyyəti mərkəzi seçilmişdi. Əhalimizin mömin dindar olmayan hissəsi də milli dəyərlərə bağlı insanlardır. Röya, Günel Mövlud, İsa Şahmarlı əxlaqını daşıyanlar bu ölkədə azdırlar. "lüt mədəniyyəti" dəstəkləyənlər də onlardır. Röya onlara xoş gəlsin deyə, bu addımı atmamalıdı idi. Lütlənmək heç yerdə mədəniyyət sayılmır. Avropa müğənnilərinin lütlənməsi heç də erotika xəstələrini konsertə cəlb etmək məqsədi güdmür. Qadın gözəlliyini tərənnüm edir, şou xarakteri daşıyır və Avropada rəğbətlə qarşılanır. Amma biz Hollandiya, Norveç, İsveç deyilik. Bu ölkənin insanları eyni cinsdən olan insnaların evlənməsini qəbul edən hollandiyalı deyil. Məscidlər şəhəri Bakıda, türk-müsəlman ölkəsi Azərbaycanda hollandiyalı kimi şou göstərmək, lütlənmək bu xalqın mentalitetinə, adət-ənənələrinə, əxlaqına tüpürməkdir!


Son vaxtlar dəb halını alıb. Tanınmaq, məşhur olmaq istəyən müğənni soyunur, lütlənir. Səhnəyə yeni çıxan adam üçün bu bəlkə də anlaşılandır. Amma Röyaya lütlənməklə tanınmaq, soyunmaqla məşhur olmaq lazım deyil. Röya yetərincə tanınır, pərəstişkarları da var. Avropapərəstlər onun bu lütlənməsini "seksual inqilab" filan adlandıracaqlar. Adı nə qoyulur qoyulsun (lap tarixin təkərini irəli fırlayan Janna Dark desinlər), Röyanın Heydər Əliyev adına saraydakı hərəkətinin adı ədəbsizlikdir. Nə qədər ki, bu ölkədə milli dəyərlərinə, inancına bağlı insanlar var, Röyanın səhnəyə lüt çıxması, Aygünün erotik pozalı şəkilləri qınanacaq. Bunu konsertin təşkilatçıları, Röyaya ağıl verənlər anlasınlar!


Heydər Əliyev sarayının rəhbərliyi də bu biabırçılığa göz yummamalı idi. Ciddi dövlət tədbirlərinin, andiçmə mərasimlərinin keçirildiyi məkanın adı bu cür bədnam edilməməlidir. Röya Ayxana gəlincə isə, etik sınırları aşan, sinirləri gərən bu çılğın qadın cəzalandırılmalıdır! Onun bu hərəkəti ən yaxşı halda sənəti murdarlamaqdır! Ən azı sarayda konsert verməyi ona yasaqlamaq lazımdır. Aidiyyatı dövlət qurumları bir neçə illiyinə Röyanın səhnəyə çıxışına qadağa qoymalıdır. Milli təşkilatlar, gənclər qurumları ilk qulaqburması olaraq onun disklərini məhvetmə kampaniyasına başlamalıdırlar. Qoy, o birilərə də ibrət olsun! /// Olaylar qəzeti