"Azərbaycan və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" saziş parlamentin bugünkü iclasında müzakirə olunub. Movqe.az-ın xəbərinə görə, saziş barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, sazişin əsas məqsədi AB və Azərbaycan vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmləşdirilməsi qarşılılıq prinsipi əsasında sadələşdirməkdir. Vizaların sadələşdirilməsi yalnız Azərbaycanın, İttifaq və ya Üzv dövlətlərin qanun və qaydaları ilə, yaxud digər beynəlxalq Sazişlərlə viza tələbindən azad olunmayan İttifaq və Azərbaycan vətəndaşlarına tətbiq edilir. Sənəddə həmçinin, vizanı sadələşdirməkdən imtina, səyahət sənədlərinin tanınması, yaşayış üçün kifayət qədər vəsaitin olmasının sübutu, girişə qadağa və çıxarılma tədbirləri kimi bu Sazişin müddəaları ilə tənzimlənməyən məsələlərə Azərbaycan və üzv dövlətlərin milli qanunvericiliyi, eyni zamanda AB qanunları tətbiq edilir. Müzakirələrin yekununda layihə qəbul edilib.