Amerika Qara dənizə qoşun çıxardır

3 Fevral 2014 21:31 (UTC+04:00)

Amerika hərbi gəmilərinin 600-a yaxın dəniz piyadası Qara dəniz hövzəsinə girib

Bu gün ABŞ-ın iki hərbi gəmisi - raket daşıyıcısı "USS Ramage" və ABŞ-ın 6-cı donanmasının flaqmanı, komanda gəmisi "USS Mount Whitney" Qara dəniz hövzəsinə daxil olub. ANS PRESS "Exo Moskvı" radiosuna istinadən bildirir ki, bu barədə diplomatik qaynaqlar məlumat verib. 


Daha öncə Pentaqondan qeyd ediblər ki, Soçidəki qış olimpiya oyunlarının təhlükəsizlik tədbirləri ilə bağlı olaraq Amerika hərbi gəmilərinin Qara dəniz hövzəsinə girməsi mümkündür. Sözügedən gəmilərin göyərtəsində 600-a yaxın dəniz piyadası var. Gəmilərin Rusiya ərazi sularına girməsi nəzərdə tutulmur. Onlar neytral sularda qalacaqlar.


"USS Mount Whitney"nin bazası İtaliyanın Qaeta limanındadır. 2011-ci ilin mart ayından BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnamələri çərçivəsində işləyir. Gəminin göyərtəsində 4 top, 4 pulemyot və bir raket qurğusu var. Helikopteri var (SH-60 Knight Hawk). Heyətində 170 donanma zabiti və 155 mülki şəxs var. 


"USS Ramage" raket daşıyıcısının bazası Vircinya ştatındakı Norfolk limanındadır. Heyətində 337 adam xidmət edir. Həmçinin bir helikopteri var.