Qarabağ münaqişəsinin həlli Avropa İttifaqına həvalə ediləcək?!

4 Fevral 2014 07:43 (UTC+04:00)

Rumıniya Prezidenti Trayan Besesku təhlükəsizlik məsələlərinə dair Münhen konfransında Ukraynadakı vəziyyətə həsr olunmuş paneldə dondurulmuş münaqişələr barədə çıxışında maraqlı fikir irəli sürüb. O, ATƏT-in Minsk qrupu və 5+2 formatı Ermənistan-Azərbaycan və Dnestryanı münaqişələri həll etməyə qadir olmadığını bildirib. Trayan Besesku "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrini önə çəkərək söyləyib ki, bu münaqişələrin həlli yollarında Avropa İttifaqı (Aİ) ABŞ-ın köməyi ilə diplomatik imkanlara malikdir:

"Əgər o, bu münaqişələrin nizama salınmasını özü üçün prioritet kimi müəyyənləşdirsə, onun imkanları münaqişələri hətta "win-win" formulu üzrə, yəni bütün tərəflərin xeyrinə həll etməyə kömək edər". Siyasi şərhçilər də təklifi müsbət qiymətləndirirlər.

Politoloq Natiq Miri bildirir ki, həmişə bu fikrin tərəfdarı olmuşuq: "Aİ-nin imkanları Fransadan daha böyükdür. Aİ "Şərq tərəfdarşlığı" proqramı çərçivəsində bütün Cənubi Qafqaz ölkələri ilə işləyir. Eyni zamanda, Aİ Gürcüstan ilə Rusiya arasında olan münaqişədə də ciddi fəaliyyət göstərir. Aİ-nin maliyyə proqramları çərçivəsində Ermənənistana qarşılıqsız verdiyi maliyyələr də təbii ki, elə-belə deyil. Bütün bunların fonunda Aİ-nin Ermənistana problemin həllində təsir imkanları var. Digər tərəfdən, Aİ siyasi məkan olaraq da Fransa ilə müqayisədə daha üstündür. Fransadan başqa, orada daha güclü ölkələr - Almaniya, İngiltərə və digərləri var ki, bu ölkələrlə birgə prosesə müəyyən qədər impuls qatmaq olar. Ona görə bəlkə də Aİ-nin prosesə qatılması bir az gecikib. Bu məsələ çoxdan ortaya çıxmalı idi. Aİ həmsədr səviyyəsində problemə qatılsa, təşəbbüskarlığı öz üzərinə götürsə, ABŞ ilə birgə prosesdə müəyyən qədər irəliləyiş əldə edə bilərlər".

Politoloq əlavə etdi ki, Avropa siyasi dairələrində artıq bu cür fikir səslənirsə, Azərbaycan təşəbbüskar rolunda çıxış edə bilər: "İnandırıcı deyil ki, Azərbaycan birmənalı olaraq Fransanın həmsədrlikdən getməsini tələb edə bilsin. Ancaq hər bir halda Aİ-nin proesesə qatılmasını bəyan etməsi məsələnin həllinə stimul verə bilər. Ona görə də gecikməyə ehtiyac yoxdur. Artıq yaz aylarında bu porsesə başlamaq lazımdır".

Digər politoloq Oqtay Sadıqzadə də hesab edir ki, Aİ-nin ABŞ-la birgə diplomatik imkanları kifayət qədər genişdir: "Lakin hər bir problemin həllində son hüdud var. Etnik, milli, dini zəmində olan münaqəşələrin həlli uzun müddət tələb edən prosesdir. Biz bu gün Rusiya-ABŞ, Şərq-Qərb qarşıdurmalarını, sivilizasiyalar arasındakı təzadları nəzərə almalıyıq. Ona görə də bu imkanların hansı səviyyədə tətbiq olunacağı maraq doğuran məsələdir. Bunu nəzərə almaqlıyıq. Bu məsələdə iri dövlətlər arasındakı ziddiyyətlərdən qaynaqlanan boşluqlar var. Bu boşluqlar aradan qaldırılmayana qədər milli, etnik zəmində münaqişələrin həlli yoxdur. Dünya dövlətlərinin, xüsusi ilə Rusiyanın bugünkü status-kvonu qoruması Qarabağ münqişəsinin həllində birinci dərəcəlidir. Əslində, Rusiyanın indiki status-kvonu saxlamaqda ən böyük girovu elə Ermənistanın özüdür. Rusiyanın bu istəyi nə qədər ki, qüvvədə qalacaq, nə qədər ki, Qərb Rusiyanı Ukraynadan, sonra Cənubi Qafqzdan çıxarmayacaq, bugünki Qarabağla bağlı status-kvonun dəyişəcəyini gözəlmək olmaz. "Şərq Tərəfdaşlıq" sammiti də bunu bir daha sübut edir".