Zəlzələ təhdidi böyüməyə başladı

4 Fevral 2014 07:51 (UTC+04:00)

Son günlərdə bir sıra bölgələrdə yenidən intensivləşən zəlzələlər xüsusi diqqət cəlb etməyə başlayıb. Beləki, Qusarda Rixter cədvəli üzrə 3,1 bal gücündə zəlzələ baş verib. İsmayıllı rayonunda isə 4 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Hafta.az-a verilən məlumata görə Pirquludan 15 km qərbdə, İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub. Daha sonra İsmayıllıda növbəti təkan qeydə alınıb.

Görəsən, bu hadisələr nədən xəbər verir?

Azərbaycan Seysmoloji Xidmət Mərkəzin direktoru Qurban Yetirmişli ölkəmizdə bu tip təkanları qeydə alan cihazlarının əhatə dairəsinin geniş olduğunu bildirir: "Onu qeyd edim ki, baş verən zəlzələlər sadəcə olaraq, Rusiyanın Dağıstan əyalətinə düşür. Qusar isə onunla sərhəddə olduğundan, zəlzələnin təsiri orada da hiss olunub. Digər zəlzələ ocağı isə Şamaxının Pirqulu ərazisini əhatə edib. Daha doğrusu, Pirquludan 15 km İsmayıllı istiqamətində baş verib. Baş verən bu zəlzələ Rixter şkalası üzrə 4 bal gücündə olub və hiss olunan zəlzələdir. Bunun ardınca 9 dəfə zəif təkanlar da olub. Bu vəziyyət isə ondan xəbər verir ki, Şamaxı, İsmayıllı zonası respublikada ən aktiv seysmik bölgədir. Burada hər il digər bölgələrlə nisbətdə zəlzələlərin sayı da, zəlzələdən ayrılan enerjinin gücü də çoxdur. Keçən il ölkə ərazisində 8157 yeraltı təkan qeyd olunub. Onun 6107-i təkcə respublika ərazisində baş verən təkanlar olub. Belədə ölkəmizdə 1 gündə orta hesabla 20 yeraltı təkan baş verir. Bu da ondan irəli gəlir ki, ölkəmizdə zəlzələni qeydə alma cihazlarının əhatə dairəsi böyükdür. Stansiyaların sayı çoxdur, ən zəif təkanları belə qeyd edə bilirik. Hansı qırılmalarla bağlı olduğu, onun hansı hissəsinin aktiv olmağını müəyyən etmək imkanındayıq. Yəni, baş verən zəlzələ ilə Şamaxı bölgəsi üçün elə də ciddi problem ortaya çıxmayıb. Ola bilsin, təkanlar yenə də olsun, bu, istisna deyil. Ancaq zəlzələ proqnozunda əsas problem onun qısa müddətli proqnozunu verməklə bağlıdır. Təcrübə göstərir ki, bir təkan olub dayanır, sonra bir neçə aydan sonra daha güclüsü baş verir. Ya da çoxsaylı kiçik avtoşoklar olur, sonra vəziyyət qaydasına düşür. Problem ondadır ki, zəlzələ məsələsini bir qanunauyğunluqla həll etmək olmur. Yerin daxilində gedən dinamik prosesi tam dəqiqliklə söyləmək elm qarşısında problem olaraq qalır. Məsələ qalır, ancaq seysmik risqi minimuma endirməyə. Hansı zəlzələ ocağının potensial gücünün nə qədər olduğunu, hansı bölgədə maksimum hansı gücdə zəlzələ baş verə bilməsini müəyyən etmək olur. Ona görə də həmin ərazidə risqi minimuma endirmək lazımdır, tikililər zəlzələyə davamlı olmalıdır ki, güclü zəlzələdə tələfat və dağıntı az olsun".

AMEA-nın Coğrafiya İnstitunun əməkdaşı Ənvər Əliyev baş verən bu zəlzələləri yerdaxili gərginliyin nəticəsi hesab edir: "Şimal bölgəsində baş verən zəlzələ halı yerdaxili gərginliyin nəticəsidir. Ümumiyyətlə, Azərbaycan ərazisində minlərlə təkanlar, o cümlədən xırda zəlzələ və palçıq vulkanları da qeydə alınır. Son zamanlar yerdaxili gərginliyin artması çox şeydən xəbər verir. Görünür, ərazidə ümumi şəkildə platformaların sıxılması prosesi gedir. Azərbaycan seysmik zonada yerləşən ərazidir. Ümumiyyətlə, zəlzələ qorxusu da yaratmaq da lazım deyil. Bakı maksimum 7 ballıq zəlzələ zonasındadır. Sadəcə olaraq, palçıq vulkanlarının təzahürü ola bilər. Amma zəif zəlzələlərin olması qorxunc hadisə sayılmır, bundan narahatlıq keçirməyə dəyməz".