Regionlarda kredit almaq müşkülə çevrilə bilər

4 Fevral 2014 10:38 (UTC+04:00)

Ölkədə bir sıra bankların öz filiallarını bağlamağa qərar verməsi gündəmi məşğul edən əsas mövzulardan birinə çevrilib. Banklar üçün proseslərin bu istiqamətdə inkişaf etməsinə səbəb isə istehlak kreditlərinin arayışsız verilməməsinə dair qərardır. Çünki, filiallar daha çox kreditlərlə bağlı xidmətin göstərir. Qərardan sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb. Bununla da bankların gəlirlərinin azalmasına səbəb olub. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə filiallarının sayını azaltmaqla yanaşı, həm də öz işçilərinin bir hissəsini ixtisar edəcək. Bundan başqa, iqtisadi əsaslanmaya görə hətta banklar kredit dərəcələrini aşağı da salmalıdırlar. Bağlanan və bağlanacaq filialların çoxu isə regionların payına düşür.

İqtisadi Resurlsaırn Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, regionlarda bankların filiallarının olması bir neçə səbəbdən olur: "Səbəblərdən biri odur ki, banklar müştəriləri çox olan ərazidə filiallarının sayını artırır. Digər faktor onunla bağlıdır ki, arayışsız kreditlərin verilməsi banklara filial açmaqda önəmli şərt idi. Digər bir məsələ Sahibkarlığa Kömək Milli Fond vasitəsi ilə verilən kreditlərdir. Fond vasitəsi ilə müvəkkil banka kreditlər təqdim olunur. Onlar isə sahibkarlara verirlər. Son dövrlər regionlarda sahibkarlara verilən kreditlərin həcminin artması, regionların inkişafının ölkəmizdə prioritet kimi önə çəkilməsi bankları regionlarda filial açmaqda maraqlandırdı. Bank filialını o zaman bağlayır ki, artıq orada olan müştərilərdən gələn gəlir bankın orada saxlanılması baxımından rentabelli deyil, xərclər gəlirdən daha çoxdur. Bu zaman bank həmin filialın bağlanması və ya filiala yaxın filialda həmin xidmətlərin cəmləşməsinə çalışır".

İqtisadçı bildirdi ki, onsuz da Azərbaycanda kredit faizləri yüksəkdir: "Bu şərtdən sonra banklar proseduraları daha da çətinləşdirə, həm də regionda olan girov tələblərini artıra bilər. Düzdür, bəzi banklar kreditlərin artırılmasına cəhd edə bilər. Ancaq bu şərt tələbin səviyyəsinin daralmasına səbəb olacaq. Tələb azalmış olanda bankda olan vəsaitlər təklifində dəyişiklik dəyişmir. Bu zaman isə təklif olunan vəsaitin geniş olması və tələbin də daralması nəticəsində iqtisadi baxımdan faiz dərəcələri aşağı düşməlidir".

İqtisadi Tədqiqatlara Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, Azərbaycnda kredit portfelinin 40%-ni istehlak kreditləri təşkil edir: "Hətta elə banklar var ki, onlarda 60-80%-ə çatır. Ona görə də ilk zərbə o banklara dəyəcək. Banklar filiallar vasitəsi ilə də kredit verir. Amma bankların regiondakı filiallarının ölkə üzrə kredit qoyuluşunda payı cəmi 5%-dir. Regionlarda həm də kredit faizləri bahadır. Bu gün Azərbaycanda filiallar onsuz da ziyana işləyir. Onlar mərkəzi ofisdən ayrılan dotasiya hesabına fəaliyyət göstərir. İndi dünyada da tendensiya ondan ibarətdir ki, filiallar getdikcə azalır. Çünki, internet, mobil bankçılıq inkişaf edir. İnsanlar filiala getməkdənsə, elektron idarəçiliyə üstünlük verirlər. Həm də Azərbaycanda banklar çox olduğuna görə bizdə müştəri kontingenti çox məhduddur. Müştərilən az olmasına görə filialların açılması sərf etmir. Ona görə də filial mexanizmi hələ ki, özünü doğrultmurdu. Mərkəzi Bankın bu qərarı da banklara sanki bir stimul verdi ki, filiallarını bağlasınlar. Filial, xidmətdən çox həm nüfuzunu qaldırmaq, həm də regionların inkişafı baxımından bankların üzərilərinə qoyulmuş tələb idi. Ona görə də bu addım regionlarda filialların kütləvi şəkildə bağlanmasına gətirib çıxaracağını zənn etmirəm. Bunun təsiri işçi heyətinin ixtisarına ola bilər. İxtisarlar təkcə filialı yox, ümumilikdə bank sektorunu əhatə edəcək. Bundan başqa, filialların regionda yox, Bakıətrafı yerlərdə bağlanacağını gözləmək olar".