"Azərbaycan demokratiyadan imtina edir"

6 İyun 2012 17:45 (UTC+04:00)

Azərbaycanda demokratiya uzun illər bəri zəif olub, 2011-ci ildə isə ondan imtina edilib, Amerikanın demokratiya və azadlığı təbliğ edən aparıcı qeyri-hökümət təşkilatı, Freedom House belə deyir.

Təşkilatın hesabatında demokratiyanın inkişafına görə Azərbaycanın adı keçmiş sosialist ölkələri siyahısında axırdan dördüncü-Belarus, Türkmənistan və Özbəkistanla birgə çəkilir.

Freedom House-un strategiya və analiz üzrə rəhbər müavini Kristofer Valker BBC Azərbaycancaya deyib ki, Azərbaycanda azadlıq üçün önəmli olan məhkəmə sistemi "xarablaşıb".

"Azərbaycanda məhkəmə sistemi onsuz da zəif idi" deyən Valker,ötən il məhkəmənin "müxalif və müstəqil səsləri susdurmaq" üçün istifadə edildiyini əlavə edib.

Freedom House rəsmisi deyib ki, Azərbaycanda vəziyyətinin pisləşdiyi ikinci sahə vətəndaş cəmiyyətidir. Çünki adi gənclərin toplaşması və aksiya təşkili "ötən ildə müntəzəm sürətlə yatızdırılıb və ən çox da əzazil yollarla dağıdılıb".

"Bizim analitiklərimiz qeyd edib ki, bu ölkədə hazırda məqsədindən asılı olmayaraq bütün müxalif aktivlik xoş qarşılanmır, Kristofer Valker deyib.

"Çox mənfi hadisə"

Azərbaycan həm də "Milli Demokratik Hakimiyyət" kateqoriyasına görə pis xal alıb. Bu kateqoriya, hökümət qərarlarının şəffaflıq və cəmiyyətin rəsmiləri gözdən keçirmək və onları qərarlarına görə məsuliyyətə cəlb dərəcəsini ölçür.

"Bir tərəfdən susdurulmuş media var, digər tərəfdən isə qərarlar, qaydalar və ya biznes və siyasi mübahisəli maraqlar barədə yazmaq qarantiyası üçün mexanizm yoxdur. Azərbaycanın iri enerji sərvətini nəzərə alsaq, cəmiyyət üçün bunun böyük əhəmiyyəti olduğunu görərik", Valker bildirir.

O Azərbaycandakı son dövrlərdəki vəziyyəti "çox mənfi hadisə" kimi təsvir edir.

Freedom House-a görə, Azərbaycan Rusiya, Belarusiya və Mərkəzi Asiyadakı digər eks-Sovet respublikalarının da cəmləşdiyi "möhkəmlənən avtoritar rejimlər" ölkələr qrupunda kateqoriyalaşıb.

Başqaları necə hərəkət edir?

"Azərbaycan Rusiya, Belarusiya və Mərkəzi Asiyadakı digər eks-Sovet respublikalarının da cəmləşdiyi "möhkəmlənən avtoritar rejimlər" ölkələr qrupunda kateqoriyalaşıb"

Freedom House-un hesabatı

Kristofer Valker deyir ki, hesabat onlarla media və məhkəmə azadlığı, korrupsiya və seçki prosesləri də daxil olmaqla yeddi sahənin mütəxəssislərinin analizlərinə əsaslanıb.

Onlar ölkələrə 1 (demokratiya inkişafının yüksək səviyyəsi) - 7 (ən aşağı səviyyə) arasında qiymət verib.

Azərbaycanın ümumi reytinqi 6.57-dir.

Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağıda olmaq deməkdir, Gürcüstan 4.82, Ermənistan isə 5.39 bal alıb.

Siyahının əvvəlində isə Sloveniya (1.89) və Estoniya (1.93) gəlir.

Hesabatın əsas hissəsi isə Macarıstan və Ukraynada demokratiyanın ciddi pisləşməsi xəbəridir.

"Macarıstanın baş naziri Viktor Orbán və Ukrayna prezidenti Viktor Yanukoviç, islahatlar adı altında sistemli şəkildə tənqidi qeyd və balanslılığı pozur. Onlar "ölkələrində Putinləşdirmə" prosesi aparır, Freedom House-un prezidenti, David J. Kramer deyir.

Türkan Nadirqızı

Movqe.Az