İnstitutuda külli miqdarda yeyintilər

4 Fevral 2014 17:13 (UTC+04:00)
Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14.0 min manat məbləğində əmək haqqının hesablanıb. İşçilərə əsassız olaraq 34.3 min manat məbləğində əmək haqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində artıq vəsaitin ödənilməsi, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində əmək haqqının ödənilməsi faktları aşkarlanıb. Bundan başqa, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmamazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat məbləğində vəsaitin hesabdan əsassız silinməsi, 61.3 min manat dəyərində dərman preparatlarının əsassız silinməsi, nəqliyyat vasitələri üçün 5.1 min manat dəyərində yanacağın artıq silinməsi faktları da məlum olub. Prokurorluq bu və digər qanun pozuntularına yol vermələrində əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.