Müdafiə Nazirliyi şaxtalı hava şəraiti əlaqədar hərbi hissələrdəki vəziyyətə aydınlıq gətirib

4 Fevral 2014 17:52 (UTC+04:00)

Azərbaycanda son günlər qarlı, şaxtalı, çovğunlu havaların müşahidə edilməsinə baxmayaraq, Müdafiə Nazirliyinə məxsus, xüsusən də Ermənistanla cəbhə xəttində yerləşən hərbi hissələrin maddi-texniki təminatı və təchizatı baxımından heç bir problem qeydə alınmayıb. Bu barədə Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətindin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bəzi bölgələrdə, xüsusilə də dağlıq ərazilərdə çoxlu qar yağmasına baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində bütün hərbi hissələr ərzaq və digər lazım olan maddi-texniki vasitələrlə təchiz edilir.

V.Dərgahlı həmçinin qeyd edib ki, havaların qarlı, şaxtalı keçməsinə baxmayaraq, ordunun şəxsi heyətinin mənəvi-psixioloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir: "Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən hava şəraitində istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir".

Qeyd edək ki, yanvarın 30-dan etibarən respublika ərazisində hökm sürən kəskin hava şəraitinin fevralın 7-dək davam edəcəyi bildirilir.