Bu gün şəhərin bir çox mağazalarında yenə çörək məhsullarının açıq şəkildə satıldığını görürük. Məhsulun hazırlanmasında əməl olunan sanitariya qaydaları bir yana, çörəklərin açıq şəkildə piştaxtalara düzülməsi də gigiyenik tələblərə cavab vermir. Bundan başqa, çörəyin daşınmasında xüsusi çörək maşınlarından yox, adi avtomobillərdən istifadə olunur. Halbuki, çörəyin paketlərə qoyularaq, qablaşdırılaraq satışa buraxılması olduqca vacibdir.
Gigiyena və Epidemiologiya Mərkəzinin
şöbə rəhbəri İmran Abdullayev Mövqe.az saytına verdiyi açıqlmada
Azərbaycanda bununla bağlı konkret qanun olmadığına görə,
sahibkarlara açıq şəkildə çörək satmağa icazə verildiyini dedi:
"Çörəklə bağlı normativlər qüvvədə deyil. Bu səbəbdən çörəyin
paketlənməsi məcburi xarakter daşımır. Ona görə də sahibkarlar
çörəkləri qablaşdırmadan da satışa buraxa bilərlər. Amma bu
çörəkləri satışa çıxararkən da sanitariya qaydalarının tələblərinə
mütləq əməl olunmalıdır. Çörəyin daşınmazdan öncə avtomobildə çörək
rəfləri düzəldilməli, geniş tutumlu və bağlı olmalı, əlavə
məhsulların daşınmasına yol verilməməlidir. Bütün normativlər
gözləndikdən sonra həmin nəqliyyatda çörək daşınmasına icazə verilə
bilər. Qaydalara riayət edilmədiyi təqdirdə, əlbəttə ki,
sahibkar inzibati qaydada cəzalandırılır. Yoxlamalar aparılır,
müvafiq sənədlər hazırlanır və s. Amma çörəyin qablaşdırılması hələ
qanunla tənzimlənmədiyinə görə, açıq şəkildə satışına icazə
verilir".
Azad İstehlakçılar Birliyinin sədri
Eyyub Hüseynov isə çörəyin açıq şəkildə satışının əhalinin tələbatı
ilə bağlı olduğunu düşünür: "Bu tamamilə istehlakçının tələbatı ilə
bağlıdır. Azərbaycan əhalisi isti çörək yeməyə meyillidir .Nə qədər
ki, əhali tələb edir, belə şəkildə çörək satılacaq. İsti çörəyi
isə, paketləşdirmək, qablaşdırmaq olmur. Əslində, belə çörək
orqanizmə zərərlidir. İsti yeyilən çörək gec həzm olunur və bir
sıra mədə-bağırsaq xəstəliklərini yarada bilər. Əhali bu ziyanları
başa düşməlidir. Ona görə də, tələb olmasa, çörək də açıq şəkildə
satılmaz".