Azərbaycan Ordusu da "Kalaşnikov" avtomatlarından imtina edəcək

5 Fevral 2014 07:59 (UTC+04:00)

Vaxtilə sosialist məkanı ölkələrinin ordularında sovet istehsalı olan "Kalaşnikov" avtomatlarından istifadə olunurdu. Sosialist ölkələrinin hərbi arsenalında məhz "Kalaşnikov" avtomatı üstünlük təşkil edirdi. Əlbəttə, digər dünya ölkələrinin bir çoxunda da bu silah növünə elə indinin özündə də geniş rast gəlinir. Lakin sovet imperiyasının dağılmasından sonra bu avtomata olan maraq da azalmağa başladı.

Hətta, vaxtilə SSRİ tərkibində olan bəzi respublikalar belə "Kalaşnikov" avtomatıdan imtina edərək, öz ordularını NATO standartlarına cavab verən avtomat silahlarla təchiz etməyə başladılar. Məsələn, qonşu Gürcüstan da artıq "Kalaşnikov" avtomatını öz ordusunun arsenalından çıxararaq, onu NATO istehsalı olan yeni silah növlərilə əvəz edib.

Hazırda dünya miqyasında "Kalaşnikov" avtomatlarına əvvəllər olduğu qədər geniş tələb yoxdur. Bunun əsas səbəblərindən biri həm də göstəricilərinə görə, daha üstün avtomat silahların yaradılmasıdır. Gözlənir ki, Azərbaycan Ordusunda da müəyyən müddətdən sonra "Kalaşnikov"lar yeni avtomatlarla əvəzlənsin. Hələlik isə "Kalaşnikov" avtomatları ölkəmizin silah arsenalında xüsusi yer tutmaqda davam edir. Laikn maraqlıdır, Azərbaycan "Kalaşnikov" avtomatlarının yeni növlərlə əvəzlənməsinə getməlidirmi?

Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, yaxın 5 il ərzində Azərbaycan Ordusu "Kalaşnikov" avtomatı əvəzinə daha müasir digərləri ilə silahlanmalıdır: "Azərbaycan Silahlı Qüvvələrində, təkcə Müdafiə Nazirliyində deyil, digər güc strukturlarında da tədricən "Kalaşnikov" avtomatlarının dünya ölkələrində istehsal olunan başqa silahlarla əvəzlənməsi prosesi gedir. Keçmiş SSRİ-dən bizə qalan silah-sursat kvotasında silahların əksəriyyəti məhz "Kalaşnikov" avtomatları idi. İndilikdə isə bu avtomatlar dünyanın ayrı-ayrı ölkələrində istehsal olunan digər avtomatlarla dəyişdirilir. Daxili Qoşunlar, Müdafiə Nazirliyinin müəyyən hərbi hissələrində, Xüsusi Dövlət Mühafizə Xidməti və digər strukturlarda artıq "Kalaşnikov" avtomatının xeyli hissəsindən imtina olunub. Bu proses hazırda da davam edir və hesab edirəm ki, yaxın bir neçə ildə "Kalaşnikov" avtomatına ümumiyyətlə, ehtiyac qalmayacaq. Qonşu Gürcüstanda artıq "Kalaşnikov" avtomatlarından ümumiyyətlə, istifadə olunmur. Buradakı silahlar büsbütün NATO ölkələrinə məxsus silahlardır. Azərbaycan özü Müdafiə Sənayesi Nazirliyi xəttilə silah-sursat istehsal edir. Həm də xarici ölkələrdən alırıq. Düşünürəm ki, uzağı 5 ilə Azərbaycan Ordusunda qalan "Kalaşnikov" avtomatlarının sayı cüzi faizə qədər düşəcək. Yerdə qalanlar isə ən müasir silah-sursat olacaq. Ordumuzda müəyyən qədər Türkiyə, İsrail və NATO-nun aparıcı dövlətlərinin avtomat silahları vardır. Bu silahlardan bəziləri hazırda sınaq mərhələsindədir və özünü doğruldacağı təqdirdə yəqin ki, onlardan geniş həcmdə istifadə olunmağa başlanılacaq. NATO, Türkiyə istehsalı olan avtomatların "Kalaşnikov" avtomatından bir sıra üstün cəhətləri vardır. Bu da onların çəki və istifadə baxımından "Kalaşnikov" avtomatından daha rahat olmaları ilə bağlıdır. Dəqiqlik baxımından da həmin silahlar "Kalaşnikov" avtomatını üstələyir. Hər bir hərbi qulluqçu silahı daşıyarkən bir qədər rahatlıq hiss etməlidir. Bu mənada, "Kalaşnikov" avtomatı həmin standarta tam cavab verə bilmir. Düzdür, o dövr üçün "Kalaşnikov" avtomatı daha önəmli idi. Amma hazırda bütün parametrlər üzrə digər avtomatlar daha cəlbedicidir və onlardan daha cevik şəkildə istifadə etmək mümkündür".

Digər hərbçi ekspert Emin Həsənli də məsələyə müsbət yanaşaraq tədricən də olsa "Kalaşnikov" avtomatlarının yeniləri ilə əvəzlənməli olduğunu söylədi: "Bildiyiniz kimi, "Kalaşnikov" avtomatı uzun illər sovet ordusunda əsas silah növü sayılıb. SSRİ-nin süqutundan sonra isə vaxtilə "Kalaşnikov" avtomatından istifadə edən ölkələr bu silahdan tədricən imtina etməyə başladı. Onlar indi əsasən NATO ölkələrinin avtomat silahlarını alırlar. Hətta, qonşu Gürcüstan da bir müddətdir ki, "Kalaşnikov" avtomatını silah arsenalından çıxarıb. Azərbaycana gəldikdə, bəzi qoşun birlikləri "Kalaşnikov" deyil, başqa ölkələrdən gətirilən avtomatlarla təchiz olunub. Amma hələlik "Kalaşnikov" avtomatının silahlı qüvvələrimizdəki çəkisi də əhəmiyyətli dərəcədədir. Lakin bununla belə proses ondan xəbər verir ki, tədricən də olsa Azərbaycan Silahlı Qüvvələri Kalaşnikov avtomatlarını daha müasir silahlarla əvəz etmək əzmindədir. Hətta, bu sahədə düşünürəm ki, Azərbaycan özü də müəyyən müddətdən sonra avtomat silahlar istehsal edə bilər. Hər halda, hazırkı dönəmdə "Kalaşnikov" avtomatları öz əvvəlki əhəmiyyətini itirməyə başlayıb. Bu amil də yaxın gələcəkdə tədricən də olsa, ordumuzun daha müasir, daha dəqiq və yeni tipli digər silahlarla təchiz olunmasını vacib edir. Azərbaycan hökuməti bildiyimiz kimi, daim ordumuzun daha da güclənməsi və müasir silahlara yiyələnməsi üzərində çalışır. Hazırda dövlət büdcəsi də ölkəmizə daha qabaqcıl silahlarla silahlanmağa imkan verir. Düşünürəm ki, bu mənada tədricən Azərbaycan da "Kalaşnikov" avtomatının yeniləri ilə əvəzlənməsi prosesinə keçəcək".