Ramiz Mehdiyevin "Facebook"da rəsmi səhifəsi açıldı (FOTO)

4 Fevral 2014 22:06 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Movqe.az xəbər verir ki, sözügedən səhifədə Ramiz Mehdiyevin müraciəti də yer alıb: "İnformasiya kommunikasiya texnologiyaları olmadan müasir dünyanı, gündəlik fəaliyyəti təsəvvür etmək mümkün deyil. İnternet təkcə məlumat yığını olmayıb, bəşəriyyətinin virtual portretini, yeni fəlsəfəni formalaşdırır. Sosial şəbəkələr ünsiyyəti asanlaşdırmaqla qarşılıqlı münasibətlərdə yeni platforma yaradır.  Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğu sahəsində böyük uğurlara imza atır, ölkədə İKT sürətlə inkişaf edir. Gələcəyə hesablanmış, düşünülmüş siyasət Azərbaycanı yaxın illərdə inkişaf etmiş dövlətlərin sırasına çıxaracaqdır. Elektron və mobil hökumət, kosmik sənaye, innovasiyalı iqtisadiyyat, biliyə əsaslanan cəmiyyət qurarkən cənab Prezident İlham Əliyev Azərbaycan elminə, gənclərimizin böyük potensialına arxalanır.  Gənclərimiz və əhalinin digər yaş qrupları arasında getdikcə populyarlıq qazanan facebook sosial şəbəkəsində öz səhifəmi yaratmaqdan məmnunluq duyuram. Burada mütəmadi olaraq fikir və düşüncələrimi paylaşacağam."
Qeyd edək ki, səhifəni bəyənən "Facebook" istifadəçiləri bunu yaxşı bir addım kimi qəbul edərək, yazdıqları rəylərlə razılıqlarını bildiriblər.