10-12 il sonra Azərbaycan əhalisi azala bilər

5 Fevral 2014 10:43 (UTC+04:00)

Azərbaycanda 10-12 ildən sonra əhalinin təbii artımının azalması meyli müşahidə edilə bilər. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.


Onun sözlərinə görə, müstəqillik dövrünün ilk illərində əhalinin təbii artımı ciddi surətdə aşağı düşüb. 1993-cü ildən başlayaraq, Azərbaycanda təbii artım kəskin azalıb. Bu proses 10 il ərzində, yəni 2003-cü ilə qədər davam edib.


2003-cü ildən sonra həyata keçirilən tədbirlər, aparılan islahatlar təbii artımın nizamlanmasına müəyyən təsir göstərib: "Düzdür, əvvəlki səviyyəyə çatmasa da, 2003-cü ildən sonra doğulan uşaqların sayı artıb. Bu, 1990-cı il səviyyəsinə nisbətən az olsa da, artım yüksəlib".


Alim qeyd edib ki, 1990-91-ci ildə respublikada doğulan uşaqların sayı 190 min nəfərdən çox olub. Ancaq 2003-cü ilədək bir ildə doğulan uşaqların sayı 70-80 min nəfərə qədər azalıb. 2012- 2013-cü illərdə isə doğulan uşaqların sayı bir ildə 110-112 min nəfərədək artıb.


Z.Eminov deyib ki, Azərbaycanda təbii artım hesabına əhalinin sayı ildə 100 min nəfərdən bir qədər çox artır. Hazırkı artım əhalinin sayının çoxalmasını təmin edir: "Dünyanın əksər ölkələrində, əsasən də Qərbi Avropada əhalinin təbii artımı çox aşağı səviyyədədir. Bu, demək olar ki, əhalinin artımını təmin etmir. Bizdə artım hələlik təmin edilir. Ancaq bir demoqrafik nəsil təxminən 10 ildən sonra nikah yaşına çatanda təbii artımın azalması meyli müşahidə olunacaq. Çünki bir ildə doğulmuş uşaqların sayı 50-70 min nəfər az olubsa, bu, cavanların sayında da özünü göstərəcək".

Z.Eminov bildirib ki, əhalinin təbii artımının azalmasının qarşısını almaq üçün dövlət tərəfindən tədbirlər görülməlidir.