Prezident İlham Əliyev: Regionların sosial-iqtisadi inkişafına dair qəbul ediləcək üçüncü dövlət proqramı Azərbaycanın inkişafına yeni töhfələr verəcək

5 Fevral 2014 17:40 (UTC+04:00)

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans-sərgi keçirilib.

Prezident İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrin inkişafını əks etdirən göstəricilərə geniş yer verilib.

Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət proqramları mühüm rol oynayıb.

Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfrans-sərgidə çıxış edib.

İkinci dövlət proqramının artıq başa çatdığını deyən dövlət başçısı bildirib ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi regionların inkişafında xüsusi rol oynadı. 2009-2013-cü illəri əhatə edən ikinci proqramın da regionların inkişafında, ümumiyyətlə, ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olub: "Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox sürətlə inkişaf edib. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı isə 2,7 dəfə artıb. İstifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəyə xeyli gəlir gətirib. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktur layihələrinə uğurla istiqamətləndirilib".

Azərbaycanın iqtisadi potensialından danışan Prezident İlham Əliyev gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını bildirib.

Dövlət başçısı qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil edib, daxili sərmayələr xarici sərmayələri üstələyir: "Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur".

Sahibkarlığa geniş yer verilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Prezident İlham Əliyev ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini deyən dövlət başçısı sahibkarlığa dəstəyin davamlı olacağını deyib. Ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olub. 17 elektrik stansiyası tikilib, ölkəmizin 90%-ə yaxın ərazisində qazlaşdırma işləri aparılıb, yolların tikintisi üzrə geniş layihələr icra edilir.

Sosial infrastruktur layihələrindən danışan Prezident İlham Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söyləyib və növbəti 5 il ərzində bu prosesin sürətlənəcəyini bildirib.

Dövlət başçısı qeyd edib ki, 10 il ərzində 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisəsi inşa edilib, yaxud təmir olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilib və ya bərpa edilib.

Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək üçüncü dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev və "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Konfrans-sərgiyə yekun vuran Prezident İlham Əliyev son 10 ildə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyini, makro-iqtisadi vəziyyətin sabit qalacağını qeyd edib. Dövlət başçısı bildirib ki, bunun üçün heç bir maliyyə problemi yoxdur və əsas xərclər sosial və infrastruktur layihələrinə yönəldiləcək.

Dövlət başçısı qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söyləyib və bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev su, kanalizasiya, meliorasiya layihələri, kənd təsərrüfatının inkiaşfında ən müasir metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, torpaqların elektron uçot sisteminin yaradılması, subsidiyaların verilməsində tam şəffaflığın təmin edilməsi, ərzaqın keyfiyyətinin qorunması, aqro parkların, logistika mərkəzlərinin yaradılması, bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük vəsait ayırmaları, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsinin vacibliyindən və digər məsələrdən də danışıb.

Dövlət başçısı ötən 10 ildə qarşıya qoyulan bütün vəzifələrin tamamilə icra edildiyini deyərək, əminliklə vurğulayıb ki, qəbul ediləcək üçüncü dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcək.