Nağdsız ödənişlərin geniş tətbiqi hələ də problem olaraq qalır

5 Fevral 2014 18:30 (UTC+04:00)

Azərbaycanda hələ də nağdsız ödənişlər sahəsində gözlənilən nəticə əldə olunmayıb. Bir sıra dünya ölkələrində, xüsusən də Qərb ölkələrində nağdsız ödənişlərdən istifadənin genişləndirilməsi üçün belə bir təcrübədən istifadə olunur ki, ödənişlərə müəyyən limit qoyulur və bu limitdən yuxarı vəsaitlər yalnız nağdsız formada ödənilə bilir. Bu təcrübə Azərbaycanda da tətbiq olunsa, bu sahədə şübhəsiz ki, müəyyən irəliləyişlər əldə oluna bilər. 

İqtisadçı Yaşar Əsədov iAzərbaycanda əhalinin hələlik nağdsız formada ödəniş etməyə vərdiş etmədiyini deyir: "Hər bir ticarət məntəqəsində, obyektdə, bir sözlə, pul ödənişi və qəbulu ilə bağlı istənilən nöqtədə müvafiq cihazlar qurulmalı, o cihazlar banklarla əlaqəli fəaliyət göstərməlidir. Bu, kifayət qədər mürəkkəb bir sxemdir. Ancaq əlbəttə ki, bunu ardıcıl surətdə yerinə yetirmək olar. Məsələn, son zamanlarda təxminən  40-a yaxın marşrutda nağdsız ödəniş sistemi tətbiq edilir. Yəni, aramla bu işləri qaydasına qoymaq olar. Amma bu, bir günün, bir ilin işi deyil. Digər tərəfdən, Azərbaycan insanı nağd pul sevir. İstəyirik ki, pulumuzu öz əlimizlə ödəyək. Bizdə hələ nağdsız ödənişlərə vərdiş yaranmayıb. Əhali hansısa yolla bu mexanizmə öyrəşdirilməlidir". 

İqtisadçı zamanla Azərbaycanda da nağdsız ödənişlərdən istifadənin geniş miqyas alacağını düşünür: "Ən əsas da iqtisadiyyatın müəyyən sahələri var ki, orada ödənişlər nağdsız formada həyata keçirilmir. Məsələn, fəhlələrə pullar kartlarla yox, nağd şəkildə verilir. Əgər vətəndaşın əlində nağdsız ödəmə üçün kart yoxdursa, o bu cür ödəməni necə həyata keçirə bilər? 

Qərb ölkələrində olan hansısa dayanıqlı formaların Azərbaycanda da tətbiqini, əlbəttə ki, istəyərdik. Lakin bunu bir toxunuşla həll etmək mümkün deyil. Bunun üçün bütün sistemlər qurulmalı, mexanizmlər yaradılmalıdır. Məsələn, xaricdə nağdsız ödənişlər sahəsində çox güclü haker hücumları da baş verir. Azərbaycanda da baş verə bilər. Amma bunlar hamısı üçün çox ciddi müdafiə sistemləri olmalıdır. Ona görə də düşünürəm ki, Azərbaycanda da nağdsız ödənişlərdən istifadənin geniş miqyasda yayılması üçün zaman lazımdır". 

Digər iqtisadçı Qadir İbrahimli isə qeyd edir: "Nağdsız ödənişlərin həyata keçirilməsi pul siyasəti ilə bağlı bir məsələdir. Yəni ticarət sistemi ilə bağlıdır və hələ ki, Azərbaycanda tam yerini tutmayıb. Bunun xeyli real səbəbləri var. Səbəblərdən biri odur ki, bəzən vergidən yayınma halları da baş verir. Məsələn, rəsmi olaraq 100-150 manat maaş yazılsa da, daha çox məvacib ödənilir. Bu hesabla nağdsız ödənişlərə keçmək çətindir. Azərbaycanda nağdsız ödənişlərdən ən çox o şəxslər istifadə edirlər ki, onlar yüksək məvacib alırlar. Bunlar adətən xarici şirkətlərdə, bank sektorunda çalışan insanlar olur. Qalan təbəqələrin əmək haqlarının verilməsində isə bəzən qeyri-leqal hallar yaşana bilir. Bu da nağdsız ödəniş ənənəsinin tam olaraq həyata keçirilməsinə mane olur".