Toy israfçılığı sosial bəlaya çevrilir

6 Fevral 2014 07:31 (UTC+04:00)

Bu gün bir çox insana toy dəvətnaməsi gəldikdə, buna sevinmək əvəzinə, üzünə daha çox məyusluq qonur. Səbəb isə toya salınacaq puldur. Məsələ bundadır ki, ay ərzində bir neçə toya dəvət aldıqda bəzən şəxs aylın məvacibini toy nəmərlərinə sərf etməli olur. Elə bu səbəbdən, toy dəvətnamələri heç də hamı tərəfindən böyük sevinclə qarşılanmır.

Ara yerdə qazanan tərəf isə qiymətləri getdikcə artıran, lakin keyftiyyəti əksər hallarda yüksəltməyə lüzum görməyən şadlıq evləri olur.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bunula bağlı bildirir ki, dünyanın heç bir ölkəsində belə bir ənənə yoxdur: "Bu ənənə ona gətirib çıxarıb ki, toyun keçirilməsində qazanan tərəf məhz şadlıq saraylarıdır. Yığılan nəmər toyun xərcinin ödənilməsi üçün şadlıq saraylarına verilir. Bu ənənə SSRİ dağıldıqdan sonra Azərbaycanda daha ciddiləşib. Artıq, daha bahalı toyların edilməsi ənənəyə çevrilib. Ancaq bəzi MDB ölkələrində, o cümlədən Tacikistanda toya gələn iştirakçıların sayı ilə bağlı konkret limitlər müəyyənləşdirilib. Tacikistanda toy sahibi artıq adam dəvət edirsə, hər dəvət etdiyi artıq adama görə 50 dollar ödəməlidir. Bu da toya çağırılanların sayının məhdudlaşdırılması baxımından faydalı addımdır. Daha dəbdəbəli toy anlayışının sıradan çıxmasına səbəb olur. Ona görə Azərbacyanda da bu cür praktikadan istifadə edilməsinə ehtiyac var. Çünki, mövcud vəziyyət göstərir ki, artıq psixoloji yollar, insanların maarifləndirilməsi problemin həllinə yardım etmir. Ona görə də inzibati metodlardan istifadə edilməsinə ehtiyac var. İnzibati metodlarla bu ənənənin dağılmasına və toyun müəyyən şəxslər üçün biznesə çevrilməsinin qarşısını almaq olar. Çünki, bəzi hallarda dəbdəbəli toylar yeni ailə üçün xoşbəxtlik yox, bədbəxtlik gətirir. Yəni, yeni qurulan ailənin külli-miqdarda borca düşməsinə səbəb olur".

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, toy, mahiyyətcə, çox gözəl hadisədir: "Amma Azərbaycan toylarının indiki forması bir sosial bəladır. Burada böyük şəbəkə var. Bir qism adamlar şadliq evlərindən qazanır. Digər tərəfdən, 15 min manata qədər gələn müğənnilərimiz də yaxşı qazanırlar. Başqa yandan, indiki toylarımız çox səsli-küylü olur. Bu da xüsusi ilə yaşlı insanların sinir sisteminə ciddi təsir edir.

Hazırki toylar insanları məcbur edir ki, müxtəlif yollarla pul tapıb toya getsin. Bu isə insanda çox böyük gərginlik yaradır. İqtisadi gəlirləri yaxşı olmayan insanlara maddi və mənəvi ziyan vurur. Bu, digər problemlərə səbəb ola bilir".

Sosioloqun fikrincə, bu problemlərdən qurtulmaq üçün ictimai şüur düzəlməlidir: "Eyni zamanda, inzibati üsullarla qadağalar da öz yerində. Məsələn, artıq Naxçıvanda toylarda səs-küyün qarşısını alamq üçün inzibati müdaxilə olur. Tacikistan da belə qərar var ki, dövlət bu işə qarışa bilir. Bu məsələni həll etmək üçün elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır. Orada inzibati müdaxilələr, təbliğat-maarifləndirmə işləri göstərilməlidir. Həmçinin, KİV və ictimai təşkilatların nə iş görmələri də öz əksini tapmalıdır".