Qəbul imtahanlarında növbəti dəyişiklik
6 Fevral 2014 13:48 (UTC+04:00)
Ümumi təhsil bazasında (9 illik) kolleclərə qəbul
olmaq istəyən abituriyentlərin nəzərinə!
Movqe.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas
təhsili müəssisələrinə (kolleclərə) qəbul qaydalarında müəyyən
dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, bu il buraxılış
imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta
ixtisas təhsili müəssisələrinə müsabiqə
aparılacaq. Belə ki, 9-cu sinifi
bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək
istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi
edə biləcəklər. Başqa sözlə, 9-cu sinifi bu il bitirən və
kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan
keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta
təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları
(9-cu sinifi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcəkdir. Həmin
imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə
tutulur.