Gürcüstanda NATO Hərbi Komitəsinin “28+1” formatında iclası keçiriləcək

6 Fevral 2014 19:39 (UTC+04:00)

Nizami Məmmədzadə-APA. Fevralın 11-12-də NATO-nun Hərbi Komitəsinin üzvləri Gürcüstana rəsmi səfər edəcək. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, alyansın yüksək çinli zabitlərinin yer aldığı nümayəndə heyətinə Hərbi Komitənin sədri Knut Bartels rəhbərlik edir. Qonaqları Gürcüstan Hərbi Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze qəbul edəcək. Fevralın 11-də hərbi komitə üzvləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili və prezident Georgi Marqvelaşvili ilə görüşəcək. Fevralın 12-də isə NATO Hərbi Komitəsinin rəhbəri Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə görüşəcək. Görüşdən sonra Vaxtanq Kapanadze və Knut Bartels mətbuat konfransı keçirəcəklər. Həmin gün hərbi komitənin "28+1" formatında iclası da baş tutacaq. Sessiyada Gürcüstanın müdafiə və təhlükəsizliyinin transformasiyası, Gürcüstanın Avroatlantik təhlükəsizliyə verdiyi töhfələr və NATO-Gürcüstan əməkdaşlığının gələcək əməkdaşlığı müzakirə olunacaq. Qeyd edək ki, NATO-nun hərbi komitəsi ilk dəfədir iclasını Gürcüstanda keçirir. Hərbi Komitə NATO-nun ən yüksək hərbi orqanıdır. Onun əsas funksiyası alyansa hərbi siyasət və strategiyaya dair tövsiyələr vermək, habelə NATO-nun strateji komandanlığına göstəriş verməkdir.