Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
7 Fevral 2014 09:37 (UTC+04:00)
Movqe.az xəbər verir ki, bu gün
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun
Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına
Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə
orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə
çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi
hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi
xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət
mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən
gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət
sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində
xidmət etməyə başlayıb. Təsdiq edilməmiş versiyalara görə 19 iyun
2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz
İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış
sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və
zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin
öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək
döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif
cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında
qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz
Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının
(ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə
bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi
bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və
göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı
ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini
əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun
orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini
təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən
birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin
əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alınmışdır:
Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının
Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq,
Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli
Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov
tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi
2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma
zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi
hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında
tanıdır.
Bundan başqa Milli Qəhrəman Çingiz Mustafayev Fondu və "ANS"
Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi
şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş
etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun
sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi
nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da
möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə
heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin
bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut
etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu
"2010-cu ilin adamı" elan edib.
Keçən ilin mart ayında Türkiyənin ictimai kanalı
TRT-də nümayiş olunan və "Sakarya Fırat" serialında Milli
qəhrəmanımız şücaətindən bəhs edilmişdi.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq
ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim
sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm.
Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim.
Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin.
Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ
olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".