Bu gün təntənəli açılış olacaq

7 Fevral 2014 10:01 (UTC+04:00)
Bu gün Bakı vaxtilə saat 20.14-də Soçidə "Fişt" stadionunda XXII Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 milyarddan çox tamaşaçı izləyə biləcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyini, tək açılış mərasimində isə 44 dövlət başçısının iştirak edəcəyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gediblər. Soçidə keçiriləcək qış olimpiya oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Olimpiya oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq. Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.