Ölkənin baş onkoloqundan xərcəng xəstələri ilə bağlı həyəcanlı açıqlama-Eksklüziv
7 Fevral 2014 10:40 (UTC+04:00)
"Azərbaycanda onkoloji xəstələr tibbi verilişlərə dəvət olunan,
telekanallarda reklam edilən əcnəbi həkimlər tərəfindən aldadılaraq
xaricdə səhv müalicə edilir. Çox təəssüf edirəm ki, bizim
telekanallar özümüzdə kifayət qədər savadlı süd vəzi xərçəngi üzrə
mütəxəssislər ola-ola savadına görə onlardan dəfələrlə aşağı olan
əcnəbi həkimləri efirə çıxardaraq reklam edir. Bu şişirdilmiş
reklamların zərbəsi isə Azərbaycandakı onkoloji xəstələrə dəyir.
Həmin xəstələr o reklamlara aldanaraq bir ətək pul töküb sonucda
çarəsiz vəziyyətdə bizə üz tuturlar. Bunun qarşısı
alınmalıdır".
Bu sözləri Movqe.az-a açıqlamasında Səhiyyə
Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib. A. Kərimli bildirib
ki, Azərbaycandakı özəl klinikaların ölkəyə gətirdikləri onkoloji
sahə üzrə həkimlərin çoxu öz ölkələrində tanınmayan savadsız
həkimlərdir: "Bu reklamlardan sonra onkoloji xəstələr özəl
klinikalarda həmin əcnəbi həkimin qəbuluna düşmək üçün
növbəyə yazılırlar. Əksər hallarda həmin xəstələr həkimin məsləhəti
ilə xaricdə müalicəyə cəlb olunur. Çünki, Azərbaycanda özəl
klinikalarda onkoloji xəstəliklərin müalicəsi üçün əlverişli şərait
yoxdur. Həmin həkimlərin sözünə aldanıb xaricə gedən xəstələrin
çoxu fəsadlarla, ağırlaşaraq geri qayıdır. Yenidən öz həkimlərimizə
müraciət edirlər ki, artıq gec olur. Ona görə, də telekanalar
reklam gəlirləri naminə xüsusilə onkoloji xəstəliklərin müalicəsi
üzrə həkim məsləhəti verəndə diqqətli olmalıdırlar. Çünki belə
hallar nəticədə onkoloji xəstəliklərdən Azərbaycanda ölüm
statistikasına təsir edir. Azərbaycanda onkoloji xəstələrə
yaradılmış şərait avropa məkanında üç-dörd yerdə var. Düzdür,
güclü, işinin peşəkarı olan dünyaca ünlü həkimlər, cərrahlar var.
Amma onlar başqa ölkələrə gedib xəstə axtarmırlar. Çünki onlar
artıq özlərini təsdiqləyiblər".