Sahibkarlara 10 milyona yaxın kredit
7 Fevral 2014 17:11 (UTC+04:00)
Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət
dəstəyi" mövzusunda növbəti tədbirini fevralın 7-də İmişli
rayonunun Şahverdilər kəndində keçirib. İqtisadiyyat və Sənaye
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 100-ə yaxın
sahibkarın iştirak etdiyi tədbirdə İmişli rayonunun iqtisadi
potensialının reallaşdırılması istiqamətində sahibkarlarla
müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan 50
başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının,
kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə
logistik mərkəzin, müasir çörək zavodunun və intensiv bağçılıq
təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya
layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya
layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli
kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara
nümunəvi layihələr və metodiki materiallar paylanıb. Sahibkarlığa
Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2014-cü
ildə güzəştli kreditlərin yönəldiləcəyi prioritet istiqamətlər,
güzəştli kreditlərin alınması üçün yaradılmış elektron idarəetmə
sistemi və onun üstünlükləri barədə məlumat verib. Qeyd edilmişdir
ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 317
sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 9,7 milyon manat güzəştli kredit verilib. Bu
kreditlər hesabına 750-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə
tutulur. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin 7300-dən çox investisiya
layihəsinin maliyyələşdirilməsinə 322 milyon manat güzəştli kredit
(bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla)
ayrılıb. Bu kreditlərin reallaşdırılması 28 mindən çox yeni iş
yerinin yaradılmasına imkan verir. Tədbir çərçivəsində müvəkkil
kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət
göstərən 49 sahibkarın investisiya layihəsinin
maliyyələşdirilməsinə 550 min manata yaxın güzəştli kreditlər
verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 80-ə yaxın
yeni iş yerinin yaradılması nəzərdə tutulur. "Sahibkarlığın
inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində İmişli rayonunun
Qaragüvənli kəndində güzəştli kredit ayrılmış damazlıq yumurta
istehsal edən müasir quşçuluq fabrikinin fəaliyyətinə baxış
keçirilib.