Komada olan xəstələrin nə demək istədiklərini öyrənmək olacaq?

7 Fevral 2014 20:21 (UTC+04:00)

Movqe.az-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın Kaliforniya Universitetinin alimləri səhiyyə üçün inqilabi ixtiranın müəlliflərinə çevrilib. Belə ki, beyin funksiyalarını tədqiq edən qrup insanın fikirlərini sözlərə çevirən xüsusi texnologiyanın əsasını qoyub.


Funksional maqnit rezonans görüntüləmə sistemindən istifadə olunan sınaqlar 15 epilepsiyalı və xərçəngli xəstə üzərində aparılıb. Belə ki, cərrahiyyə əməliyyatında ikən həmin şəxslərin beyinlərinin yuxarı gicgah nahiyələrinə xüsusi elektrodlar qoşulub. Beynin bu hissəsi nitq orqanlarımızı işə salan və idarə edən neyronlardan ibarət olduğundan, elektrodlar xəstələrin beyinlərdən keçən siqnalları avtomatik olaraq kompyuterə ötürüb.


Xüsusi proqram təminatı sayəsində kompyuter beyindən gələn çoxsaylı siqnallardan ən uyğununu seçərək, xəstənin demək istədiklərini söz və qısa cümlələr şəklinə salıb.


Amerikalı alimlər bu nəticələrin nitq sistemində pozuntu ilə müşahidə olunan iflicli xəstələr üçün olduqca önəmli olacağını bildirir. 

Onların sözlərinə görə, yaxın gələcəkdə bu metodla hətta komada olan xəstələrin də nə demək istədiklərini öyrənmək mümkün olacaq.